Türkiyə möhkəm dayanmalıdır ! – “Baydendən sanksiya...” – TƏHLİL

“ABŞ davamlı şəkildə “S-400”, insan haqları kimi məsələlərlə bağlı Türkiyənin üzərinə çox gedəcək”

“Bu proseslər 4 il ərzində davam edəcək” 

“Həmçinin Rusiyanın mövqelərinə zərbə endirilməsi, paralel olaraq geniş sanksiyaların tətbiq edilməsi Bayden dönəminin əsas istiqamətləri olacaq”


Xəbər verdiyimiz kimi, yanvarın 20-də Demokrat Partiyasından olan Cozef R.Bayden Kapitolidə prezident andı içib. Beləliklə, 78 yaşlı Co Bayden Birləşmiş Ştatların 46-cı prezidenti olub. O, 2020-ci il noyabrın 3-də keçirilən seçkilərdə ikinci dəfə namizədliyini vermiş Donald Trampa qalib gəlib. Tramp Baydenin andiçmə mərasimində iştirak etməyib və Ağ Evi tərk edərək Floridaya yollanıb.

Türk mətbuatının verdiyi məlumata görə Co Bayden andiçmə mərasimində çıxışı zamanı bir sıra mühüm məqamlara toxunub. 

“Sherg.az” olaraq C.Baydenin səsləndirdiyi punktları Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli ilə şərh etdik.

- Yanvarın 20-də andiçmə mərasimində Co Bayden Rusiyanın ABŞ üçün təhdid olduğunu bildirib. Belə aydın olur ki, bundan sonra Amerika- Rusiya münasibətləri gərginləşə bilər. Siz nə düşünürsünüz?

-Rusiyayla bağlı münasibətlərdə çox çeşidli məsələlərə diqqət yetirmək lazımdır. Keçmiş prezident Barak Obama dövründə necə davam edirdisə, indi də elə olacaq. D.Tramp dönəmində Rusiyaya qarşı müəyyən addımlar atıldı. Amma demokratlar respublikaçıları Rusiya agenti olmaqda , xüsusilə Trampı rusların hiyləsi əsasında seçildiyini iddia edirdilər. 2014-cü ildən etibarən Krım üzərindən baş verən ikitərəfli əlaqələrin pozulması tendensiyası davam edirdi. İndi tamamilə fərqli dönəmə keçid edilir. Bayden çox radikal mövqeli və anti-Rusiya yönümlü adamdır. O Rusiyanı yaxşı tanıyır, hətta SSR-nin dağılmasının əsas memarlarından biridir. Co Bayden diplomat kimi Brejnev dönəmində SSR - Amerika arasındakı münasibətlərdə müəyyən söz sahibi olan nümayəndələrdən biri idi. O çıxışında demokratiya və insan haqları, Amerikanın geri dönüşü, müttəfiqlərə sadiqlik kimi mesajlar verdi. Bütün bunlar göstərir ki, NATO xətti ilə genişlənmə, Avropa Birliyi ilə əməkdaşlıq, Rusiya və Çinə qarşı siyasi, iqtisadi sahələrdə təzyiqləri artıracaq. NATO-nun fəaliyyətinə diqqət ediləcək. Artıq ABŞ 10-15 il əvvəl “ NATO çətiri” altında keçirdiyi geniş əməliyyatların davamını gətirəcək. Trampın hakimiyyəti dövründə Orta Asiya, Qafqazlar, Yaxın Şərq, Şimali Afrika kimi zonalarda Rusiyanın nüfuzu artdı. Bayden konkret addımlar atacaq ki, bu ərazilərdə rusların mövqelərini darmadağın etsin. Şübhəsiz, bizə də təsirsiz ötüşməyəcək. Ənənəvi Amerika qlobal siyasətinin yeni bir dönəmini görəcəyik. NATO-nun gücləndirilməsi, sərhədlərin genişləndirilməsi, müttəfiqlərin artırılması, Rusiyanın mövqelərinə zərbə endirilməsi, paralel olaraq geniş sanksiyaların tətbiq edilməsi Co Bayden dönəminin əsas istiqamətləri olacaq.


- Bayden Türkiyənin Rusiyadan “S-400” almasının yolverilməz olduğunu bəyan edib. Belə olduğu təqdirdə, Türkiyənin yeni ABŞ hökuməti ilə münasibətləri necə inkişaf edəcək?

-S-400”lərlə bağlı alternativ məsələlər əksini tapmadı. Türkiyə hansı yolu keçibsə, həmin istiqaməti izləyəcək. Lakin Bayden Türkiyəyə qarşı münasibətdə Tramp qədər liberal deyil. Türkiyə yenə “S-400” alacaq, əlaqələr daha çox pisləşəcək. Ərdoğan hakimiyyətinin bu məsələdən qalib çıxmasında əsas mövqe kimi Britaniyaya baxmaq lazımdır. Əvvəla, F-35 təyyarəsi ilə bağlı məsələ Türkiyə nöqteyi-nəzərindən həll olunmalıdır. İkincisi, raketdən müdafiə sistemləri ilə əlaqədar rəsmi Ankaranın qayğıları əks olunmalıdır. Bu iki məsələnin həlli tapılmadığı müddətcə Türkiyənin alternativ hərbi mənbələrə yönəlməsi davam edəcək. Biz R.T.Ərdoğanın V.Putin münasibətlərini yüksək səviyyəsini və daha öncə “S-400” raket sisteminin alınmasını gördük. Buna görə də, “S-400”lərlə bağlı ABŞ-ın yeni hakimiyyəti Türkiyəyə qarşı sanksiyalara əl atacaq. Bu proseslər 4 il ərzində davam edəcək, Türkiyə möhkəm dayanmalıdır. ABŞ davamlı şəkildə “S-400”, insan haqları kimi məsələlərlə bağlı Türkiyənin üzərinə çox gedəcək.

- Trampın dönəmində İranla gərginlik pik həddə çatmışdı. ABŞ-ın yeni prezidenti isə C.Bayden İranla dialoqun davam edə biləcəyini deyib. Onun hakimiyyəti dövründə rəsmi Tehranla münasibətlərin müsbət istiqamətdə inkişafı gözlənilirmi?

-Əlbəttə ki, İrana qarşı mövqe yumşalacaq. ABŞ İranla münasibətlərinin iki əsas formasını nəzərdən keçirib: qarşıdurma və əməkdaşlıq. Bütövlükdə keçmiş tarixə nəzər salanda rəsmi Tehranla rəsmi Vaşinqton əlaqələrində çox ciddi nüansların şahidi oluruq. Ən azından şah dönəminin zəmanətini ABŞ verdi və Rza şahın hakimiyyətinin əsas dəstəkçisi onlar idi. Amma İranın sabiq rəhbəri Xomeyninin dönəmində dini hakimiyyət quruldu. Xomeyninin hakimiyyətə gəlməsini həyata keçirən güclər SSR və Fransa idi. Onlar cəbhələşmədə ABŞ-ın əleyhinə idilər. Lakin ABŞ və İran qarşıdurması da deyildiyi qədər ciddi deyil. Çünki hər iki ölkənin arasında son illərdə Əfqanıstanda, İraqda, ABŞ-ın İran kəşfiyyatının xidmətindən gen-bol istifadə etməklərinə nəzərən ciddi əməkdaşlıqlarının olduğunu deyə bilərik. Bayden dönəmində rayon dialoq pəncərələrinin açılması, mailiyyə qadağalarının götürülməsi, bank fəaliyyətlərinə icazə verilməsi və İranın müxtəlif mallarının ixracına şərait verilməsi prosesi baş verəcək. Bu İranın ticarət bə xarici siyasət istiqamətində ABŞ-la münasibətlərdə müəyyən qazanclar əldə etməsinə şərait yaradacaq. Hətta ola bilər ki, islam ölkələri ilə münasibətdə Baydenin fərqli bir baxışı var. ABŞ-da prezident deyil, xüsusi güclər əsasdır. Hər partiyanın arxasında fərqli korporasiyalar dayanır. İlk dönəmi “əməkdaşlığa açılış” kimi pronozlaşdırmaq olar. Lakin ikinci dönəmdə belə olmaya bilər.

- Çinin Uyğur türklərinə qarşı represisiyası davam edir. Bayden bildirir ki, Çin insan hüquqlarını pozur. Belə ki , uyğur məsələsini yenidən aktuallaşmış olur. Çinə qarşı sərt sanksiya tətbiq oluna bilərmi?

-İstər Çinə qarşı uyğur, istərsə də, İrana qarşı Güney Azərbaycan mövzusu ölkələrin daxili məsələlərinə müdaxilə etmək üçün alətdir. Faktiki olaraq, onlar nə Çindəki uyğurları,  nə də ki, Güney Azərbaycanı düşünürlər. Tarix də göstərir ki, Amerikanın dövlət ənənəsi onun maraqlarının müdafiə olunmasından ibarətdir, qlobal insan haqlarının qorunmasına söykənmir.

Tramp dönəmində ABŞ-la Çin arasında ticarət müharibəsi tətbiq olunmuşdu. Sonra Çin mallarını Amerika bazarından geniş yer tutduğu üçün çıxartmaq mümkün olmadı. Tixarət əlaqələri o qədər idxal və ixrac əməliyyatlarına malikdir ki, ikilik arasında münasibətlər qlobal səciyyə daşıyır. ABŞ Çinə qarşı sanksiya tətbiq etsə, birbaşa daxili bazarı vurmuş olacaq. ABŞ uyğur məsələsinə münasibətdə bəyanatlardan o tərəfə keçməyəcək.

- Co Bayden diqqətə çatdırıb ki, ABŞ ordusu Yaxın Şərqdə saxlanılmalıdır. Ordunun orada saxlanılması Yaxın Şərqdə münaqişə ocağını aktivliyinə təsir göstərəcəkmi? 

-Tramp dönəmində idarəçilik dövlət rəhbələri tərəfindən həyata keçirilib. Ölkə rəhbərləri ABŞ qarşısında müəyyən öhdəlikləri var idi. İdarəçiliyi hansısa nüfuzlu qrup vasitəsilə həyata keçiriblər. Bayden mövqe bildirir ki, ABŞ ordusu Yaxın Şərqdə saxlanılsın. Lakin ordunun olub-olmamasında asılı olmayaraq, Yaxın Şərqdə münaqişə ocağı həmişə aktivdir. Həm ABŞ, həm də beynəlxalq münasibətlərdəki faktorların rolu var. Bütövlükdə Yaxın Şərq karbohidrogen ehtiyatları ilə zəngindir. Həmçinin orada nüfuza sahib olan ölkələr dünya ticarət boğazlarını ələ keçirmiş olur. Belə ki, Aralıq dənizindəki dünya siyasəti Yaxın Şərqə bağlıdır.