Suallar hər zaman qalacaq

İran-Azərbaycan arasındakı gərginlik hələ azalmayıb


Nyu-Yorkda Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın XİN rəhbəri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib. Nazirlər regional məsələləri müzakirə edib və qeyd olunub ki, indi iki ölkə arasında məsləhətləşmələrə daha çox ehtiyac var. Tərəflər Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər. 

Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran rəhbəri İbrahim Rəisini ölkəsinə səfərə dəvət məktubunu nazirə təqdim edib. Qeyd edək ki, sonuncu dəfə 2018-ci ilin oktyabrın 30-da İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşü keçirilib. Görüşdə İstanbul Bəyannaməsi imzalanıb. 

Üçlü görüş razılığı ilə bağlı “Şərq”ə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğulayıb ki, İran-Azərbaycan münasibətlərində gərginlik davam edir. Analitikin sözlərinə görə, rəsmi Bakı Tehranla münasibətlərdə problem istəmir:

 “Ancaq İran Ermənistan üzərindən qanunsuz olaraq Qarabağa yanacaq daşıyır. Ərdəbil imamı Seyid Həsən Amuli Azərbaycanı hədələyir. Üstəgəl, Tehran Türkiyə-Azərbaycan hərbi ittifaqını yanlış olaraq özü üçün təhlükə sayaraq sərhəddə hərbi təlimlərə başlayır. Əlbəttə, İranın harada təlim keçirməsi daxili işidir. Ancaq bu halda haqlı sual yaranır. Sərhəd bölgələrimiz 27 il işğal altında olanda Arazın o tayında hərbi təlimlər keçirməyən İran niyə torpaqlarımız azad olunandan sonra təlim keçirməyə qərar verdi?

Mövcud durum Türkiyəni də narahat edir. Ona görə üçtərəfli görüşə ehtiyac yaranıb ki, məsələlərə aydınlıq gətirilsin. Əslində Azərbaycan-Türkiyə-İran üçtərəfli formatı illərdir mövcuddur. Bu format əsasında xarici işlər nazirlərinin görüş təşəbbüsü Tehrandan gəlib və görüş yeri kimi İranın paytaxtı seçilib. Bu görüşə qədər Tehran yanacaq dolu yüklərinin Qarabağa girişlərini qadağan etsə, indidən müsbət atmosfer yaratmış olar. Digər tərəfdən Tehran nədənsə narahatdırsa, bunu Amulinin aşağılayıcı dili ilə deyil, diplomatların və rəsmilərin görüşündə səsləndirə bilər”.

E.Şahinoğlu vurğulayıb ki, İran-Azərbaycan münasibətlərində suallar heç zaman azalmayacaq:

 “Önəmli olan görüşlər və müzakirələr vasitəsilə iki qonşu dövlətin gərginliyinin süni surətdə artırılmasına yol verməməkdir. İran səfirinə Bakıda verilən notadan sonra Qarabağa yenə yük daşımaq və Amulinin əlinə mətn verib Azərbaycanı hədələmək gərginliyin süni surətdə artırılmasıdır. Bu halda gərginliyə “yaşıl işıq” yandıranın zərəri daha çox olacaq. Tehran anlamalıdır ki, Azərbaycanı hədələmək, qorxutmaq İran üçün əks-effektdən başqa heç nə verməyəcək”. 

İsmayıl Qocayev