NATO və Rusiya tərəfindən səslənən bəyanatların ruhundan "barıt qoxusu" gəlir

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays Brüsseldə aparılan müzakirələrdən danışıb. Departament rəsmisi vurğulayıb ki, Vaşinqton Ukrayna ətrafındakı status-kvonun saxlanması şərti ilə rəsmi Moskva ilə dialoqun davam etməsində maraqlıdır: “Biz Rusiya ilə əlavə diplomatik təmasları gözləyirik. Ümid edirik ki, bu diplomatik yol davam etsin və öz bəhrəsini versin”. Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə Rusiya-NATO Şurasının iclası keçirilib. Rusiya hərbi alyansdan keçmiş sovet respublikaları hesabına genişlənmədən imtina etməsini, yaxın və ortamənzilli raketlərin bir-birinə çatacaq məsafədə yerləşdirməməsini və həmin ərazilərdə keçirdiyi təlimlərin sayını azaltmasını istəyib.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı danışıqlarda ABŞ və müttəfiqlərində olmayan arqumentlər var. Lavrov qeyd edib ki, Qərbin öz dominantlığını təsdiq etmək cəhdləri Rusiya ilə təhlükəsizlik zəmanətləri üzrə danışıqların gedişində özünü tam şəkildə göstərib: “Danışıqlara gəlincə, proseslər Qərbin dünya səhnəsində ciddi qarşıdurmanı, öz dominantlığını təsdiqləmək cəhdini, öz maraqlarını irəli sürmək üçün zəruri görünən hər şeyə şübhəsiz nail olmaq istəyini əks etdirir”. Rusiya XİN başçısı Qərbin mövqeyini barışmaz adlandırsa da, danışıqların işgüzar və sakit tərzdə keçdiyini əlavə edib. O, tərəflərin bir-birini başa düşmək perspektivinə ümidli olduğunu və təhlükəsizlik zəmanəti ilə bağlı danışıqların Moskvanın gözləntisinə uyğun keçdiyini söyləyib. Rusiyanın baş diplomatı onu da qeyd edib ki, Amerika Rusiyanın alyansın genişlənməməsinə dair zəmanət tələb etmək hüququnu qəti şəkildə rədd edir: “Rusiya ümid edir ki, Qərb öz vədini yerinə yetirəcək və Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə reaksiyasını sənədlə ortaya qoyacaq”.

Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə açıqlamasında bildirib ki, NATO-Rusiya danışıqları sülhün əldə olunması üçün çevrələri daraldır və hərbi qarşıdurma ehtimalını gücləndirir. Analitikin fikrincə, böhranın hüdudları genişlənir:

 “NATO və Rusiya tərəfindən təqdim edilən bəyanatların ruhundan “barıt qoxusunun” gəlməsi belə deməyə əsas verir. Təbii ki, əvvəldən bu danışıqlardan ciddi nəticə gözlənilmirdi. Hər halda eskalasiyasını dayandıracaq ideyaların tərəflərdə qısamüddətli olsa “hərbisiz daha gözəldir” fikri formalaşdıracağına inam var idi. 

Ancaq dünyanın iki hərbi-siyasi qütbü təhlükəsizlik üçün razılığa gəlmək əvəzinə Avropanı və Ukraynanı daha təhlükəli bataqlığa sürükləmək variantını seçdilər. 

Rusiyanın məqsədini bir cümlə ilə ifadə edək: Ukrayna və Gürcüstan NATO-ya üzv olmamalıdır. NATO-nun da cavabını bir cümlə ilə qeyd edək: Üzvlük qapısı heç bir ölkənin üzünə bağlı deyil. “Daş qayaya rast gəlib”, bu çarpışmadan doğan qırıntılar isə başqa ölkələrin üzərinə sıçrayır. Gələcəkdə Rusiyanın da, NATO-nun da özünün hərbi gücünü artıracağı şəksizdir. Tərəflər bir-birinin gücünü düzgün dəyərləndirmək üçün hibrid müharibə vasitəsi olan kiberhücumlar həyata keçirirlər, kəşfiyyat məlumatları və peyk görüntülərini diqqətlə analiz edirlər. 

Hər iki tərəfdə isə əhəmiyyətli boşluqlar mövcuddur, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko müzakirələrə dair danışarkən həmin boşluqların mövcudluğunu etiraf edib.

 Demək ki, NATO danışıqlarda Rusiyanı sanksiyalarla qorxuda bilməyəndə, əlində olan bütün imkanları səfərbər edərək Rusiyanın “Axilles dabanı”nı tapacağını deyib. Ona görədir ki, Qruşko diplomatik qəzəb üslubunda bildirib ki, NATO Rusiyanın müdafiə sistemindəki zəif nöqtələri axtarsa, Rusiya da analoji hərəkətə keçəcək. Onsuz da hər iki tərəf bu illər ərzində bir-birinin kövrək təməllər üzərində qurulan hərbi hədəflərini müəyyən etməyə çalışıblar, onların hər ikisində bu zəif nöqtələrə dair məlumatlar var. Lakin görünür ki, son zamanlar dislokasiya yerlərinin dəyişməsi, raket sistemlərinin yerinin başqa yerlərə köçürülməsi yeni həssas boşluqlar yaradır, bu boşluqların doldurulması üçün isə zaman lazımdır”.

A.Kərimova görə, NATO-nun canlı qüvvəsi, nüvə potensialı və digər silah arsenalı müstəvisində hərbi gücü texniki baxımdan Rusiyanı üstələsə də, Rusiya Avropa istiqamətinə yön alan cəbhədə böyük hərbi-strateji üstünlüyə malikdir: 

“Üstəgəl, Rusiyada analoqu olmayan silahlar mövcuddur – xarakteristikasına görə rəqiblərini üstələyəcək atom sualtı gəmilərindən tutmuş, dünyada ən uzaq mənzilli ballistik raketlərə qədər. Tərəflərin hərbi gücü bir-birini qorxutma aktıdır. Amma bu qorxuya qarşı həlledici vərdişlər formalaşdırılıb deyə, o qədər də keçərli deyil. 

Ukraynanı əhatəyə alan gərginlik region üçün heç də xoş olmayan proqnozlar səsləndirmək üçün əsaslar verir. Danışıqlardan çıxarılan nəticə budur ki, gərginlik davam edəcək və Avropa üçün yeni təhlükələr gətirəcək”.