Türkiyədə xəbərdarlıq: Ölkə ərazisində temperatur daha da düşəcək

Türkiyədə hökm sürən şaxtalı və qarlı hava səbəbindən ölkənin müxtəlif bölgələrində çox sayda avtomobil qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, yanvarın 22-dən etibarən təsirini daha da artıran güclü qar yollarda buzlaşma yaradıb. Bu gün səhər saatlarından etibarən Türkiyənin İstanbul, Tokat və Amasya vilayətlərində üç sərnişin avtobusu aşıb. İlkin məlumata görə, dörd nəfər ölüb, 48 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Hidrometeoroloqlar ölkə ərazisində temperaturun daha da düşəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Əlverişsiz hava şəraiti sərnişindaşımada, eləcə də aeroportların işində çətinliklər yaradıb. İstanbulun Sabiha Gökçen hava limanından nəzərdə tutulan bir çox reys təxirə salınıb.

Bəzi vilayətlərdə istixanalar yararsız hala düşüb. Bir çox bölgələrdə yollar tamamilə bağlanıb, orta təhsil müəssisələrində tədrisə ara verilib.

Ölkə ərazisində ən soyuq hava şəraiti mənfi 34 dərəcə ilə Ağrı vilayətində qeydə alınıb.