320 manatdan aşağı pensiya alanlar
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əməkhaqqı 8 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ötən ilin yekun əməkhaqqı artımının təxminən 8 faiz olacağı gözlənilir. “Əmək Pensiyaları” haqqında Qanuna əsasən isə bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. İndeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşımızın pensiyalarında artımlar olacaq. Bu artımların ödənilməsi məqsədilə əlavə təxminən yarım milyard manat vəsait nəzərdə tutulub. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşlar növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq.
Millət vəkili Əli Məsimli "Sherg.az"a deyib ki, 2025-ci ildə nəzərdə tutulan pensiya artımları ilk növbədə 320 manatdan aşağı pensiya alanlara şamil ediləcək. Deputatın sözlərinə görə, bu ilin fevralından həmin məbləğdən aşağı pensiya alanların pensiyası 320 manata çatdırılacaq:
"Bununla yanaşı, bu il əmək pensiyalarının bütün növləri 2024-cü ildə orta aylıq əməkhaqqının orta artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək. Hələlik bu artımın 8-9 faiz arasında olacağı barədə fikirlər səsləndirilir. Amma əsl artım rəqəmi gələn ay, yəni fevralın əvvəllərində məlum olacaq. Keçən il pensiyalar 11,2 faiz artırılmışdı. Cəmiyyətdə bu il də pensiyaların artımının keçən ildəkinə yaxın səviyyədə, yəni ikirəqəmli səviyyədə olacağı barədə gözləntilər var. Amma rəsmi açıqlamalarda pensiyaların orta hesabla 8-9 faiz artacağından söhbət gedir. İrəli sürdüyümüz təkliflərdən biri əmək pensiyaçılarına 2022-ci ildə tətbiq edilən 200 manat məbləğində maddi yardımın verilməsinin 2025-ci ildə yenidən tətbiq edilməsinin zəruriliyi məsələsi olub".
"Qocalıq pensiyası" adlandırılan yaşa görə müavinət, veteran pulu və digər müavinətlər barədə də danışan millət vəkili vurğulayıb ki, Sərəncama uyğun olaraq Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində, yəni bu ilin martında hazırlayıb ölkə Prezidentinə təqdim edəcək:
"Həmin sənəd hazır olandan sonra müavinətlərin nə qədər artırılacağına aydınlıq gətiriləcək. Keçən il "veteren pulu" adlandırılan vəsait ən azı 2 dəfə artırılıb 80 manatdan 160 manat çatdırılmasını təklif etmişdik. Hazırda "qocalıq pensiyası" adlandırılan yaşa görə müavinət 220 manatdır. Bu, 2025-ci ildən tətbiq olunan minimum pensiya göstəricisindən 100 manat və ya 45 faiz, ölkə üzrə yaşayış minimundan isə 65 manat və ya 30 faiz azdır. Milli Məclisdə bu barədə çıxış edərkən yaşa görə müavinət alanların ağır durumunu nəzərə alaraq, məbləğin yaşayış minimumu ilə əlaqəli şəkildə artırılmasını təklif etmişdik. Təklif etmişdik ki, bu il üçün həmin müavinət ölkə üzrə yaşayış minimumu kimi müəyyənləşdirilən 285 manatdan aşağı olmasın".