Taliban Qərblə eyni masada...


Taliban nümayəndələri Norveçin paytaxtı Oslo şəhərində qarşılanıb. “Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Talibanın nümayəndə heyəti hakimiyyəti ələ keçirdikdən sonra ilk dəfə Avropaya səfər edib. Nümayəndələr ABŞ, Fransa, İngiltərə, Almaniya, İtaliya, Norveç və Avropa İttifaqı diplomatları ilə görüşüb. Əfqanıstanın xarici işlər naziri Emirhan Muttakinin sədrliyi ilə keçirilən danışıqlar Soria Moria otelində keçirilib. Kişilərdən ibarət nümayəndə heyətinin 15 üzvü Norveçin kirayə verdiyi təyyarə ilə ölkəyə gəlib.

Diqqət çəkən məqamlardan biri də Əfqanıstandakı dağıdıcı hücumlardan bəzilərinin məsuliyyətini daşıyan Hakkani şəbəkəsinin lideri Enes Hakkaninin heyətdə iştirak etməsi  olub. Bu hadisə sosial mediada sərt reaksiyalara səbəb olub.

Norveçin xarici işlər naziri Anniken Huitfeldt  görüşün baş tutmasının əsas səbələrini açıqlayıb: “Taliban qanuniləşdirilməyib və tanınmayıb. Amma biz imkan verə bilmərik ki, siyasi vəziyyət humanitar fəlakətə gətirib çıxarsın”.

Beynəlxalq böhranlarda bitərəf qalaraq tez-tez vasitəçi kimi çıxış edən Norveçin paytaxtı Oslo, İsrail-Fələstin məsələsi də daxil olmaqla, daha əvvəl bir çox böhranın həlli üçün tərəflərin görüşmə nöqtəsi olub.

 Çimnaz Şahlar