Böyük Britaniya Ukraynaya 100-dən çox hərbçi göndərib

Böyük Britaniya Ukraynaya 100-dən çox hərbçi göndərib.

APA-nın "The Mirror" nəşrinə istinadən verdiyi xəbərə görə, bu addım Rusiyanın mümkün hücumu barədə məlumatlar fonunda atılıb.

Onların arasında Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələrinin əsgər və zabitləri var. Şəxsi heyət Ukrayna hərbçilərinə sərhəd mühafizəsi və digər istiqamətlərdə təlim keçəcək.

Qoşunların göndərilməsi ölkənin Baş naziri Boris Consonla Fransa Prezidenti arasında Avropanın Şərq cinahının etibarlı müdafiəsi barədə razılıqdan sonra mümkün olub.

Rusiya ilə həmsərhəd olan Estoniyada isə daha 1500 nəfərdən ibarət Britaniyalı hərbi kontingent hazır vəziyyətdə gözləyir.

"The Mirror" nəşrinin məlumatına görə, Rusiya öz növbəsində bölgədə 100 min nəfərlik şəxsi heyət, habelə 1000-dən çox hərbi texnika cəmləşdirib.

Rusiya tərəfi həmçinin sərhəd boyunca səhra hospitalları quraşdırır və onların təchizatını həyata keçirir.

Qeyd edək ki, rəsmi Moskvanın Ukraynaya hərbi müdaxiləsi barədə xəbərlər Qərb mətbuatında ötən ilin payızından dərc olunmağa başlayıb.