Bakı həmişə çoxmillətli şəhər olub

Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

   
   Prezident İlham Əliyev Rusiyada media rəhbərləri ilə görüşündə Azərbaycandakı dini və milli tolerantlıqdan danışıb. Dövlət başçısı bildirib ki, bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Ölkə rəhbəri qeyd edib ki, onlar Avropa Oyunları kimi idman tədbirlərində iştirak ediblər: “Ermənistandan olan komanda iştirak edib, mən hətta xatırlayıram ki, Ukraynanın milliyyətcə erməni olan bir nümayəndəsinə gümüş medalı şəxsən özüm təqdim etmişəm. 

O, qızıl medal qazanan azərbaycanlı boksçu ilə fəxri kürsüdə yanaşı dayanmışdı. Mən onun da əlini sıxıb təbrik etdim və bu, zaldakı adamların ürəyincə olmasa da, onlar məni uzun müddət alqışladılar”. Ölkə rəhbəri xatırladıb ki, bir neçə il bundan əvvəl Katalikos Qareginin Azərbaycana səfəri olub: “Mən öz iş kabinetimdə onunla görüşmüşəm. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza təəccübləndi, o, özü buna şahiddir. Mən belə nümunələri çox misal gətirə bilərəm – erməni soylu deputatlar, ictimai xadimlər, digər ölkələrin vətəndaşları. Bizdə qadağa yoxdur”. 

Prezident bəyan edib ki, İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub: 

“Monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır. Onların sayı deyilən 30 mindən azdır. Yəqin ki, 30 min 10-15 il bundan əvvəl olub, bununla belə onlar var, yaşayırlar və normal yaşayırlar, heç kəs onlara heç bir iddia irəli sürmür. Buna görə də sizin sualınıza cavab vermək imkanından istifadə edərək sizi Azərbaycana gəlməyə dəvət etmək istərdim. Siz görərdiniz ki, heç bir məhdudiyyət yoxdur”. 

Azərbaycanın Qarabağ müharibəsində qələbə qazanması və öz əzəli torpaqlarını erməni işğalından azad etməsindən sonra dünyanın bir sıra ölkələrinin liderləri, həmçinin elm, mədəniyyət və incəsənət xadimləri vətənimizin ərazisində yerləşən xristian məbədlərinin taleyi haqqında öz “narahatlığını” bildirdilər. Bu zaman onlar erməni işğalçılarının Qarabağdakı müsəlman məbədlərinə, Azərbaycan xalqının memarlıq və arxeoloji irsinə qarşı nə dərəcədə barbarcasına davrandığını dilə gətirməyi “yaddan çıxardılar”. Muzey və kitabxanaların talan edilməsi, elə həmin xristian məbədlərinin erməniləşdirilməsi haqqında bir kəlmə də demədilər. Təəssüf ki, ikili standartlar dünyasında biz bəlli olanı sübut etməli oluruq. Halbuki, hələ az öncə bu siyasətçilər və ictimai xadimlər özləri də Azərbaycan cəmiyyətində bütün etnoslara, inanclara və mədəniyyətlərə qarşı hökm sürən tolerantlığın yüksək səviyyədə olduğunu vurğulayırdılar. 

Dini dözümlülük, yəni “digərinin” inanc və məzhəbini qəbul etmək bacarığı tolerantlığın ilk tarixi forması sayılır. Dini dözümlülüyün rasionallığa əsaslanan mənəvi izahını ingilis filosofu Con Lokk təklif edib. Alimin fikrincə, dövlət məzhəb simvollarının, dini ehkamların və ibadətin hansı formada olub-olmamasına qarışmamalıdır. Bu baxımdan Azərbaycan istisna deyil. Əsrlər boyu müxtəlif konfessiyaların nümayəndələri respublika ərazisində yanaşı yaşayır. Mühüm geostrateji mövqeyə malik ölkəmiz din və dini cərəyanların yayıldığı ərazi olub. Azərbaycanın tarixi ərazisində şamanlıq, zərdüştilik (atəşpərəstlik), daha sonralar isə yəhudi dini, xristianlıq və islam yayılıb. Tarixən Azərbaycan ərazisində yaşayan etnik və dini icmalar arasında sıx münasibətlər formalaşıb, heç bir milli, irqi və dini ayrı-seçkilik mövcud olmayıb. Təsadüfi deyil ki, Azərbaycana müxtəlif illərdə səfər edən rəsmi şəxslər ölkədə hökm sürən dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edərək respublikamızda mövcud olan dinlərarası münasibətlərin və dözümlülüyün dünyanın digər ölkələri üçün yaxşı nümunə ola biləcəyini vurğulayıblar. 

Beləliklə, Azərbaycanda hökm sürən tolerantlığın spesifik xüsusiyyətini müxtəlif dini konfessiyaların nümayəndələrinin bir-birinə qarşı və dövlətin onlara ayrı-ayrılıqda və bütövlükdə olan münasibəti təşkil edir. Konfessiya rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev onlarla məsləhətləşmələr aparır, inanclı insanları bütün dini bayram və xüsusi mərasim günləri münasibətilə dövlət səviyyəsində təbrik edir. Bir çox müqəddəs yer, abidə, dini simvol və əşyalar dövlət tərəfindən bərpa edilir və qorunur.

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə açıqlamasında deyib ki, ermənilərin Azərbaycanda guya dini-milli tolerantlıq olmaması, etniklərin təzyiqlərə məruz qalması barədə sərsəm iddiaları növbəti təxribat cəhdidir. Deputatın sözlərinə görə, hazırda Azərbaycanda 30 min erməni yaşayır: 

“Erməni din xadimləri, idmançıları, rəsmiləri, deputatları ölkəmizə səfər edərək müxtəlif tədbirlərdə iştirak ediblər. Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, burada müxtəlif dinlərin, xalqların nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Onlara qarşı hansısa təzyiqdən söhbət gedə bilməz. Ermənilər öz yalanlarından əl çəkməlidir. Əslində ermənilər bizi ittham etdikləri əməllərə özləri rəvac verirlər. İki deputat həmkarımızın İrəvana səfəri zamanı etirazların, Azərbaycan əleyhinə səslənən şüarların şahidi olduq. Erməni rəsmiləri Azərbaycan deputatları ilə bir masa arxasında əyləşmək istəmirdilər. Bu, bir daha göstərir ki, ermənilər digər xalqlara qarşı dözümsüzlük nümayiş etdirirlər. Azərbaycanın heç bir dövlət qurumunda, hüquq-mühafizə orqanlarında, rəsmi şəxslərimizdə sırf ermənilərə qarşı dözümsüzlük və məqsədyönlü siyasət yoxdur”.