"Qatarda atalarıyla vidalaşarkən böyük qızım ağladı"


BBC Ukraynadan qaçqın düşənlərin faciəsini yazıb

BMT Rusiyanın hərbi təcavüzü səbəbindən Ukraynanı tərk edənlərin yarım milyondan artıq olduğunu açıqlayıb. Bu barədə BBC (Türkcə) məlumat yayıb.  Hazırda Kiyev, Xarkov, Çerniqov şəhərlərinə silahlı basqın davam edir. Ukrayna rəsmi mənbələri top atəşinə tutulan Xarkovda dinc əhali arasında tələfat olduğunu,  BMT isə işğalın başladığı gündən bəri 7-si uşaq olmaqla 102 sivilin həlak olduğunu bildirir. Təhlükəyə baxmayaraq, iki günlük küçəyə çıxmamaq qadağası ləğv edildiyindən sakinlər sığınacaqlardan çıxaraq ərzaq almaq üçün mağazalara axışırlar. 36 saat sığınacaqda qalmış Kasenya adlı ukraynalı qadın BBC-yə bu gün evinə gedə bildiyini deyib: “evimə gəldiyim üçün özümü necə rahat hiss edirəm, anlada bilmirəm. Həyatda və təhlükəsiz şəraitdə olduğum doğma Kiyevimi görmək imkanı əldə etdiyim üçün xoşbəxtəm. Hətta yeraltı sığınacaqda da insanlar bir-birilərinə yardım edir. Ordumuzun daha güclü olmasına və səsimizin eşidilməsinə yardım edirlər”. 10 aylıq qızı ilə Almaniyaya yol alan Liza Graç yaşadıqları dəhşəti BBC-yə danışıb: “Qorxuncdu. Amma şanslıydım. Ya da özümü şanslı sayıram. Çünki Ukraynadan çıxmaq qərarını raket hücumları başlananda aldıq. Ukraynanın qərbində yaşayırıq. Bu səbəbdən sərhədə gəlmək üçün çox vaxtımız yox idi. Müharibənin başlayacağını gözləmirdik. Fevralın 24-ü səhər saat 7-dən  keçmişdi. Pəncərədə sarı işıq parladı. Sonra  şiddətli bir partlama səsi eşitdik. Ardınca da hava limanının üzərini qalın duman bürüdü. Evimiz hava limanına yaxındır. Əşyalarımızı toplamağa başladıq. Həyat yoldaşım “siz burdan getməlisiniz, mübahisə etməyə zamanımız yoxdur” - dedi. Sizə o anda nələr hiss etdiyimi anlada bilmərəm. 10 aylıq körpəmizi də alıb evdən çıxdım. Həyat yoldaşımsa orda qaldı. İndi qızım bomba səsi, raket partlaması səsi eşitmir, rahat yatır. Bunu qızımız üçün etdik”. 2 qızıyla birlikdə Polşaya üz tutmuş Tanya Borislavska isə BBC müxbirinə “həyat yoldaşım evimizi xilas edəcəyinə söz verib” deyib: “Həyat yoldaşım Polşaya getməyimizi istədi. Amma özü Ukraynada qaldı. Bizə söz verib ki, evimizi qoruyacaq. Evimizdə çox xoşbəxt idik. Ancaq  sabah nələr olacağını bilmirik. Qatarda atalarıyla vidalaşırkən böyük qızım ağladı. Qızımın ağladığını görən başqa sərnişinlər də ağlamağa başladılar. Ailəmizin başçısını bir daha görə biləcəyikmi?!”. Uşaqlarıyla Polşaya üz tutmuş Olqa Yatskeviç də anasının və atasının evdə qaldığını söyləyib: “Sizcə necə ola bilərik?! Bir gün evindəsən, ertəsi gün hara getdiyini bilmirsən. Anam-atam evdə qaldılar. Evlərini tərk etmədilər”. Olqanın qızı Soniya isə “nənəm evdə “Molotov kokteyli” düzəldir. Deyir ki, rus tankı görsə, üstünə atacaq.  Ölkəsini belə müdafiə edəcək”.