Ukraynanın Avropa İttifaqına üzvlüyü reallaşır

Zaur İbrahimli: "Ukraynanın dərhal üzv qəbul ediləcəyi ehtimalı azdır"

Ukraynanın Avropa İttifaqına üzvlüyü proseduru sürətləndirilib. Ukrayna Prezidenti V.Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, ölkənin Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı ərizəsinin sürətləndirilməsi üzrə prosedur qəbul edilib. Müraciət qeydiyyata alınıb və baxılmaq ərəfəsindədir. Qeyd edək ki, Litva, Latviya, Estoniya, Polşa, Çexiya, Slovakiya, Bolqarıstan və Sloveniya prezidentləri Ukraynanın Avropa İttifaqına qəbulunun sürətləndirilməsi təşəbbüsü ilə çıxış ediblər. Macarıstanın Xarici işlər naziri Peter Siyarto rəsmi Brüsseli bu məsələni sürətləndirməyə çağırıb. 

Dünən Prezident Zelenski də Avropa Parlamentində videokonfrans formatında çıxışı zamanı Aİ-yə üzvlüklə bağlı çağırış edib: “Çox şadam ki, bu gün bütün ölkələrlə, Avropa İttifaqının bütün ölkələri ilə həmrəyik, onlar yanımızdadır. Lakin mən bilməzdim ki, biz bunun əvəzini belə ağır ödəyəcəyik. Baş verənlər mənim üçün, hər bir ukraynalı üçün, ölkəmiz üçün faciədir. Biz ağır bədəl ödəyirik, çox ağır bədəl. İki inqilabda, bir müharibədə və artıq 5 gündür davam edən Rusiyanın genişmiqyaslı işğalında minlərlə insanımız həlak olub. 

Bu gün çıxışımı kağızdan oxumayacağam. Çünki ölkəmizin kağızlarla bağlı taleyi sona çatıb. Biz indi reallıqlarla üzləşirik, insanlarımızın öldürülməsi ilə bağlı reallıqlar. İnanıram ki, biz qurbanlarımızı dəyərlər, haqlar, azadlıq üçün veririk. Sizin sahib olduğunuz azadlığa sahib olmaq, sizinlə bərabər olmaq üçün veririk. Bizim ən güclü, ən yaxşı insanlarımız həlak olur. Ukraynalılar güclüdür, möhtəşəmdir. Biz “Ukraynanın Avropa seçimi” barədə həmişə eşidirik. Mən indi sizlərdən eşitmək istəyirəm, Avropanın Ukrayna seçimini”. O qeyd edib ki, ukraynalılar azadlıqları üçün savaşır: “Biz, həmçinin Avropanın bərabərhüquqlu üzvü olmaq üçün savaşırıq. Bu günlərdə biz nəyə qadir olduğumuzu göstəririk. Əmin ola bilərsiniz ki, Avropa İttifaqı bizimlə daha güclü olacaq. Sizsiz Ukrayna yalnız olacaq. Biz öz gücümüzü sübut etmişik, biz sizin kimi olduğumuzu sübut etmişik. İndi isə siz bizimlə birgə olduğunuzu sübut edin. Sübut edin ki, bizim getməyimizə icazə verməyəcəksiniz və sübut edin ki, siz də əsl avropalısınız. Yalnız bundan sonra həyat ölüm üzərində qələbə çalacaq, işıq qaranlıq üzərində qələbə çalacaq. Yaşasın Ukrayna!”. İştirakçılar Zelenskinin çıxışını ayaqüstə alqışlayıblar. 

Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı “Şərq”ə danışan siyasi şərhçi Zaur İbrahimli deyib ki, Ukrayna Avropa İttifaqı ilə Assosasiya sazişini 2014-cü ildə imzalayıb. Onun sözlərinə görə, hazırda Aİ ölkələri ilə Ukrayna arasında vizasız gediş-gəliş rejimi mövcuddur: 

“Bu gün Ukraynanın üzvlüklə bağlı ərizəsi qəbul olunub. 1993-cü ildə Aİ üzvlüyünə qəbul olunmaq üçün Kopenhagen meyarları qəbul olunub. Ukrayna hələ ki, bu meyarlara cavab vermir. Mövcud prosedurlara görə, Ukraynaya namizəd statusu verilməli, daha sonra üzvlüyə qəbul edilməsiylə bağlı danışıqlar aparılması barədə qərar qəbul olunmalıdır. Ukraynanın dərhal üzv qəbul ediləcəyi ehtimalı azdır. Kiyevə azad gömrük sazişi təklif oluna bilər. 

Yaxud Ukraynaya Aİ-nin starteji tərəfdaşı statusu verilə bilər. İstənilən halda bu cür addımlar Ukraynanın avrointeqrasiya yolunda addımlamağını sürətləndirəcək, iqtisadi inkişaf,  dövlət idarəetməsində islahatların aparılması üçün əlavə imkanlar yaradacaq. Bu, Aİ-yə Ukraynaya maddi dəstəyi artırmağa da imkan verəcək. Ukrayna öz qanunvericiliyini Aİ qanunvericiliyinə uyğunlaşdırmalı olacaq. Həmçinin, bu, Ukraynanı gələcəkdə dövlət quruluşunun kənardan müdaxilə ilə dəyişdirilməsi təhlükəsindən də qoruya bilər. Eyni zamanda Kiyevin strateji kursunun dəyişməzliyi anlamına gəlir. 

Bu, Aİ tərəfindən Rusiyanın Ukraynada siyasi proseslərə Rusiyanın müdaxiləsinin qarşısını almağa hesablanmış addım kimi də qiymətləndirilə bilər. Göstərilir ki, Ukrayna de-yure olmasa da, de-fakto Avropa ailəsinin üzvüdür və onun himayəsindədir”.