Müharibə daha da alovlanacaq

Görünən odur ki, Putin sona qədər işğalçı siyasətini sürdürəcək

Dünyanın daha sərt və qəti addımlar atması zərirudir


Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün şərtlərini açıqlayıb. O, Ukrayna ətrafında nizamlanmanın yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınacağı təqdirdə mümkün olacağını bildirib. Rusiyanın Krım üzərində suverenliyinin tanınması, demilitarizasiya məsələsinin həll olunması və Ukrayna dövlətinin denasifikasiyası - onun neytral statusunun müəyyənləşməsini Putin şərt kimi irəli sürüb. 

“Rusiya ordusu məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirəcək”

Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib ki, Ukraynadakı əməliyyatın əsas məqsədi Rusiya Federasiyasını Qərbdən gələn təhlükədən qorumaqdır. Onun sözlərinə görə, Rusiya Ordusu məqsədlərinə çatana qədər Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirəcək. Nazir bildirib ki, Ukrayna tərəfi yaşayış binalarının həyətlərində, məktəblərin və uşaq bağçalarının yaxınlığında çoxsaylı reaktiv yaylım atəş sistemləri, silahlar və iriçaplı minaatanlar yerləşdirir, dinc sakinlərdən canlı qalxan kimi istifadə edir.

“Rusiya bütün cəbhələrdə məğlub olur” 

Ukrayna Müdafiə naziri Aleksey Reznikov isə deyib ki, fevralın 24-də Ukraynaya hücum edən Putin Rusiyası hərbi, iqtisadi cəbhələrdə dağıdıcı məğlubiyyətə məruz qalır: “122 saatdır müqavimət göstəririk. Müdafiəçilərimizin qəhrəmanlığı sayəsində düşmənin itki verdiyi yeni cəbhələr açılır. Şərqdəki uşaqlarımızı qeyd etmək istəyirəm. Onlar düşmən üçün keçilməz səddə çevriliblər, bu da onları ruhdan salır”. Müharibənin 5-ci gününün tamamında rus ordusunun itkiləri açıqlanıb. Ukrayna Baş Qərargahı 5 gün ərzində Rusiya silahlı qüvvələrinin itkilərinin 5 min 710 nəfərə çatdığını yazıb. Hazırda 200 rus əsgərinin əsir olduğu deyilir: “Bundan başqa düşmənin 29 təyyarəsi, 29 helikopteri, 189 tankı, 846 zirehli döyüş maşını, 77 artilleriya sistemləri də məhv edilib”. Reznikov Ukraynanın Rusiya qarşısında kapitulyasiya etməyəcəyini və qələbə qazanana qədər vuruşacaqlarını bəyan edib: “Heç bir kapitulyasiya olmayacaq”. 

“Rusiya vakuum bombasından istifadə edir” 

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Rusiyanın vakuum bombasından istifadə etdiyini deyib. Onun sözlərinə görə, ruslar Ukraynada Cenevrə Konvensiyası ilə istifadəsi qadağan olunmuş bombalardan istifadə ediblər: “Rusiyanın Ukraynada yaratdığı dağıntılar böyükdür”. 

“ABŞ-ın film nəhəngi də Rusiyaya sanksiyaya qoşulub”

 “Soni” şirkəti Rusiyada filmlərinin nümayişini dayandırdığını bildirib: “Ukraynada davam edən hərbi əməliyyatları və bunun nəticəsində regionda humanitar böhranı nəzərə alaraq, biz Rusiyada filmlərimizin, o cümlədən “Morbius” filminin buraxılışını dayandıracağıq”. 
Qeyd edək ki, daha əvvəl “Uolt Disney” şirkəti öz filmlərinin Rusiya kinoteatrlarına çatdırılmasını dayandırdığını açıqlamışdı. “Uorner Brazers” Ukraynadakı vəziyyət fonunda Rusiya kinoteatrlarında “Betmen” filminin nümayişini dayandırıb.

“Rusiyada müharibəyə yox deyənlər işdən çıxarılsın!”

Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev deyib ki, Putinin Ukraynada xüsusi əməliyyatla bağlı qərarı ilə razılaşmayan dövlət qurumlarının məmurları və işçiləri vəzifələrindən uzaqlaşdırılmalıdır. Onun sözlərinə görə, bəzi vətəndaşlar hesab edirlər ki, teatrda, kinoda və televiziyada, üstəlik, dövlət korporasiyalarında və dövlət qurumlarında karyeraları ölkə rəhbərliyinin qərarına məhəl qoymamağa imkan verir: “Bu cür müxaliflərə bütün dövlət vəzifələrində işləmək qadağan edilməlidir. Birdəfəlik hər kəsə ibrət dərsi verilməlidir. Ali Baş Komandanın qərarı qəbul olunarsa, geriyə addım yoxdur”. 

Avstraliya Ukraynaya 75 milyonluq yardım ayırıb

Avstraliya Ukraynaya 50 milyon dollar dəyərində müdafiə dəstəyi və 25 milyon dollarlıq humanitar yardım verəcək. Ölkənin Baş naziri Skott Morrison deyib ki, yardımın əksəriyyəti silahlara yönəldiləcək: “Söhbət raketlərdən, sursatlardan, onların hava hücumundan müdafiəsini dəstəkləməkdən gedir. Bundan əlavə, 25 milyon dollarlıq humanitar yardım da göndərəcəyik”.


“NATO Ukraynaya hərbi qüvvələr göndərməyəcək”

Amerikalı senator Co Mançin deyib ki, Ukraynada baş verən hadisələrlə əlaqədar ABŞ Rusiyadan xam neft alışını dayandırmalıdır: “Vladimir Putin enerji resurslarını silah qismində istifadə edir. Lakin Rusiyanın hərəkətlərini pisləməsinə baxmayaraq, ABŞ Rusiyadan gündə yarım milyon barreldən çox neft və neft məhsulları idxal etməyə davam edir”. 

NATO Baş katibi Yens Stoltenberq deyib ki, NATO bu münaqişənin bir hissəsi olmayacaq və Ukraynaya hərbi qüvvələr göndərməyəcək: “Eyni zamanda, NATO Ukrayna səmasına təyyarə göndərməyəcək”. 

“Rusiyaya qarşı sanksiyaları artırmaq lazımdır”

Böyük Britaniya Baş naziri Boris Conson bildirib ki, indiki məqam Ukrayna müqaviməti üçün əsasdır: “Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazır olmaq lazımdır”. 

Ağ Evin mətbuat katibi Cen Psaki deyib ki, Rusiya Ukraynada deskalasiya yönündə addımlar atacağı təqdirdə ABŞ Moskvaya qarşı sanksiyaları yumşalda bilər: “Buradan proqnoz, yaxud qiymətləndirmə etməyəcəyəm. Əgər Putin geri addım atsa, əminəm ki, biz belə bir danışıq apara bilərik”. 

“Rusiyanın tez zamanda müharibəni dayandıracağı inandırıcı deyil”

AĞ Partiyanın sədri Tural Abbaslı “Şərq”ə deyib ki, sanksiyaların nəticələri daha sonra üzə çıxacaq. Partiya rəhbərinin sözlərinə görə, Rusiyanın tez zamanda geri addım atacağı, müharibəni dayandıracağı inandırıcı deyil: 

“Görünən odur ki, Rusiya özünün aqressiv siyasətini gündən-günə artırır. Putinin Ukrayna qarşısında irəli sürdüyü şərtlərin hamısı qəbuledilməzdir. Krımı Rusiyanın “tərkib hissəsi” qəbul etmək, Donetsk və Luqanskı “müstəqil dövlətlər” kimi tanımaq şərtləri absurddur. Kiyev hökuməti uzaq başı neytrallıqla bağlı məsələni Rusiya ilə müzakirə edə bilər. Amma silahsızlaşdırma siyasəti və ərazi itkilərini qəbul etmək Ukrayna üçün fəlakət deməkdir. 

Əslində, Kreml rəhbərinin şərtləri Kiyevlə aparılan danışıqların indidən uğursuz nəticələnəcəyini göstərir. Ancaq Qərbin sərt sanksiyaları fonunda Rusiya rəhbərliyi yeni qərarlar almağa məcbur qala bilər. Müdafiə naziri Sergey Şoyqunun və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin açıqlamaları göstərir ki, Kreml hələlik müharibəni dayandırmağı düşünmür. Bu şəxslərin hərbi ritorikası heç də Prezident Vladimir Putindən az deyil. Moskva sona qədər öz təcavüzkar siyasətini sürdürəcək. Şübhə yox ki, Rusiya üzləşəcəyi sanksiyaları əvvəlcədən nəzərə alıb və müəyyən hazırlıqlar görüb. 

Ona görə də hesab edirəm ki, Rusiya əleyhinə daha sərt və qəti addımlar atmaq zəruridir. Əks halda rusların işğalçı siyasətini durdurmaq çətin olacaq”.