Sanksiyalardan xilas ola bilmədi

Abramoviçin də var-dövlətinə "əl qoyuldu"
 
   Böyük Britaniya hökuməti “Çelsi” futbol klubunun sahibi, milyarder Roman Abramoviçin var-dövlətinə həbs qoyub. Səbəb bəllidir; Avropa Birliyinin Rusiyaya qarşı iqtisadi sanksiyaları, R.Abramoviçin də Prezident Putinə yaxınlığı. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, ingilis hökuməti Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladığı vaxtdan indiyədək 7 rus sahibkarın var-dövlətinə “əl qoyub”.

  İndi də növbə Abramoviçə çatıb. Sanksiyaların “Çelsi” klubuna nə dərəcədə təsir edəcəyi maraq doğurur. Bundan öncə sanksiyaların yaxınlaşdığını bilən Abramoviç “Çelsi”ni satışa çıxardığını bildirmişdi. Və bunu da qeyd etmişdi ki, satışdan əldə olunan gəlir Ukraynada müharibədən zərər çəkənlər üçün yaradılacaq yardım vəqfinə bağışlanacaq. Lakin Abramoviçin hətta bu xeyirxahlığı da onu sanksiyalardan xilas etmədi. Putinlə dostluğu, yardım vəqfindən “ağır” gəldi. 

B.Britaniya hökuməti Abramoviçin varidatına “əl qoymaq”la kifayətlənməyərək ona səyahət qadağası da tətbiq edib. “Çelsi”nin satışında da durğunluq yaranıb. Hətta işlər çətinə düşüb.

 “Çelsi” bu dönəmdə oyunçu transferi apara bilməyəcək, hər hansı futbolçu ilə müqavilə bağlaya bilməyəcək, indiyədək satılmış biletlər xaric, ölkə daxilində keçirəcəyi oyunlara bilet də sata bilməyəcək.