Müharibənin sonu görünmür

Tərəflər bir-birinin şərtlərini qəbul etməyəcək

Rusiya bombalayır, Ukrayna isə müqavimət göstərir

Rusiya-Ukrayna müharibəsinin 15-ci günüdür. Qanlı toqquşmalarda 13 min insanın həyatını itirdiyi, 1,8 min insanın yaralandığı və 1,7 min binanın dağıdıldığı təxmin olunur. Bu müddət ərzində tərəflər arasında bir neçə dəfə görüşlər keçirilsə də, nəticə əldə etmək mümkün olmayıb. 

Görüşlər zamanı Rusiyanın irəli sürdüyü əsas şərtlərdən biri də Ukraynanın konstitusiyasında dəyişiklik edərək neytral ölkə statusu alması ilə bağlı öhdəlik götürməsidir. 

Qeyd etmək lazımdır ki, Rusiya bu tələbini Finlandiyada gerçəkləşdirmişdi. Ancaq nəticələri gözlədiyi kimi olmadı. Finlandiya Qərb ölkələri ilə daha da yaxınlaşdı və Kremlin təsir dairəsindən ciddi şəkildə uzaqlaşdı. 

Bu gün Rusiyanın Ukraynaya eyni tələb irəli sürməsi “yeni Finlandiya” yaratmaq istəyindən doğmur. Moskvanın məqsədi Ukraynanı Qərbdən uzaqlaşdırıb tamamilə öz nəzarəti altına almaqdır. Eyni zamanda bu müharibə addım-addım özünü mühasirəyə salan Kremlin NATO-ya qarşı apardığı mübarizədir. 

Zaman isə hər iki ölkənin əleyhinə işləyir. 

Baş verən prosesləri “Şərq”ə təhlil edən politoloq Sədrəddin Soltanın sözlərinə görə, hər hansı tərəfin hazırkı şərtləri qəbul etməsi mümkün görünmür.

“Rusiyanın qoyduğu şərtlərə görə, Ukrayna NATO-ya daxil olmur, neytral ölkə statusunda qalır, Luqansk və Donetsk qondarma respublikalarının müstəqilliyi, Krım isə Rusiyanın ərazisi kimi tanınır. Bu şərtlər qarşılığında Rusiya qoşunlarını geri çəkir. Ukrayna isə ərazi bütövlüyünün təmin olunmasını istəyir. Yəni Ukrayna öz ərazi bötüvlüyündən, Rusiya da öz şərtlərindən imtina etmir. Belə bir şəraitdə kompromis yoxdur. Danışıqların əsas mövzusu humanitar dəhliz və yardımlarla bağlıdır. Hər hansı güzəştlərlə bağlı məsələ gündəlikdə yoxdur. Bu səbəbdən ortaya qoyulan şərtləri tərəflərdən hansısa birinin qəbul etməsi ehtimalı azdır. Bu qədər itkidən sonra Ukrayna öz ərazi bütövlüyündən, suverenliyindən vaz keçməyəcək. Rusiya da eyni şəkildə baş verən proseslərdən sonra öz şərtlərindən imtina etməyəcək. Nəticədə, tərəflər bir-birinə qarşı mübarizəyə davam edirlər. Rusiya bombalayır, Ukrayna isə müqavimət göstərir”.

Politoloq sözlərinə davam edərək vurğulayır ki, Krım, Donetsk və Luqanskın ortaq idarəçiliyi mümkün deyil:

“Bu ərazilərin Rusiya tərəfindən idarə olunması Ukraynanın suveren hüquqlarının pozulmasıdır. Ancaq əvvəllər dördlük formatda Donetsk və Luqansk vilayətlərinə Ukrayna ərazi bütövlüyü daxilində xüsusi statusun verilməsi məsələsi gündəlikdə idi. Kiyevdən də müəyyən razılıqlar verilmişdi. Ancaq bundan sonra vəziyyət necə olacaq, məlum deyil”. 
Sədrəddin Soltanın sözlərinə görə, Ukraynanın neytral dövlət olması ilə bağlı məsələ onun konstitusiyasında təsbit olunmalıdır: “Bu məsələni Rusiya şərt kimi irəli sürür. Bununla da Avropanı fakt qarşısında qoyur ki, Ukrayna neytral ölkə olmadıqca buradan çıxmayacaq. Avropa isə bildirir ki, neytral olmaq və ya hər hansı beynəlxalq qurumda iştirak etmək bu ölkənin suveren hüququdur”. 

Sənan İsmayıl