Azərbaycan, Türkiyə və Gürcüstan Mərkəzi Asiya ölkələri ilə birlikdə yeni multimodal dəhliz yaradır

Asiya və Sakit okeanı regionu ölkələri - Çin-Qırğız Respublikası-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa beynəlxalq multimodal nəqliyyat dəhlizinin işə salınmasını sürətləndirmək üçün dəmiryolu administrasiyalarının ekspertlərindən ibarət daimi işçi qrupu yaradılıb.

“Report” Qazaxıstan Dəmir Yollarının mətbuat xidmətinə istinadən xəbər verir ki, dəmiryolu administrasiyalarının rəhbərlərinin Daşkənddə keçirilmiş görüşü zamanı beynəlxalq multimodal nəqliyyat dəhlizi layihəsi ilə bağlı məsələlər müzakirə olunub.

İşçi qrupu yüklərin bu marşrutla maneəsiz daşınmasının təşkili ilə bağlı bütün məsələlərin həlli ilə məşğul olacaq.

Görüşdə yüklərin fasiləsiz daşınmasının təşkili, həmçinin iritonnajlı konteynerlərin daşınması üçün nəzərdə tutulmuş fitinq platformalarının vaxtlı-vaxtında göndərilməsi və sözügedən beynəlxalq multimodal nəqliyyat dəhlizi üzrə tarif dəhlizi ilə bağlı razılıqlar əldə olunub.

Tədbir iştirakçıları dəmiryolu administrasiyaları rəhbərlərinin növbəti iclasının Qırğız Respublikasında keçirilməsini yekdilliklə dəstəkləyiblər.

Sonda beynəlxalq multimodal marşrutun inkişafı üzrə dəmiryolu administrasiyaları rəhbərlərinin görüşünün protokolu imzalanıb.

Xatırladaq ki, analoji görüş artıq 4-cü dəfədir keçirilir. İlk görüş 2019-cu ildə Türkiyənin iştirakı olmadan keçirilib. Daha 2 görüş isə 2020 və 2021-ci illərdə baş tutub.