"Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti bölgə ölkələri üçün yeni TƏHLÜKƏ YARADIB" - ŞƏRH

"Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi bölgə ölkələri üçün yeni təhlükə  yaradıb".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 
Analitik bildirib ki, Ukrayna hərbi dəniz qüvvələri Rusiyanın hərbi gəmilərindən Odessa şəhərinə və digər liman şəhərlərinə desant çıxarmasnın qarşısını almaq məqsədilə Qara dəniz sahilində təxminən 420 mina yerləşdirib: 

"Bu minaların İkinci Dünya müharibəsi dövrünə aid olduğu bildirilir. Türkiyə və Qaradənizə sahili olan digər ölkələr narahatdırlar. Əlbəttə, Türkiyə Ukraynanın haqlı mübarizəsini dəstəkləyir, Odessanın işğalının qarşısı alınmalıdır. Ancaq o biri tərəfdən könhə minaların nəzarətdən kənara çıxaraq Qara dənizdə ticarət gəmilərinə təhlükə yarada biləcəyi ehtimal edilir. Bəzi mütəxəsssilərin fikrincə, külək bir qisim minanı boğazlara qədər istiqamətləndirə bilər. Öz növbəsində Rusiya qəsdən təhlükənin miqyasını böyüdür".

E.Şahinoğluya görə, ruslar minaların Qara dəniz ölkələrinin hamısına təhlükə yaratdığını deyirlər: 

"Ukraynanın alternativi yoxdur. Odessa və digər liman şəhərlər qorunmalıdır. Rusiya Qara dənizin təhlükəsizliyinə bu qədər həssas yanaşırsa, Ukraynanın Qara dənizə çıxışı olan liman şəhərlərinə desant çıxarmaq planlarından vaz keçməlidir. Kiyevin Kremlin bu planlarından imtinasına dair ciddi təminatı olarsa, dənizin sahilinin minalanması çalışmalarından imtina edə bilər. Ancaq Kreml yazılı və şifahi təminatları pozur. Başqalarının ərazi bütövlüklərini hücumlar təşkil edir. Belə olan halda Ukrayna dəniz sahilini minalamaq planlarından imtina etməyəcək. Kiyev üçün yeganə təminat Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırmasıdır".