Qətər yaxın illərdə Avropanı qazla təchiz edə bilməyəcək

Qətər Avropanı qazla təchiz etməyə hazırdır, lakin bunun üçün 5-7 il lazım gələcək.

“Report” xəbər verir ki, bu barədə Qətərin energetika naziri Saad əl-Kəabi “Doha forum” beynəlxalq konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişə, anti-Rusiya sanksiyaları və enerji böhranının kəskinləşməsi fonunda Qətər yaxın vaxtlarda Avropaya qaz nəqlinə başlaya bilməyəcək.

“Hazırda Avropaya dərhal kömək edə biləcəyimizi düşünmürəm. Enerji təchizatında Rusiyanın yerini heç kim tuta bilməz”, - o deyib.

Bundan əvvəl o, həmçinin bildirmişdi ki, Qətər Rusiyanı əvəz edə bilməyəcək, çünki Avropaya verilən qazın 30-40%-i Rusiyanın payına düşür və əmirlik bu həcmləri əvəz etmək gücündə deyil.

“Avropa İttifaqında Rusiya qazını bir gündə əvəz edə bilməyəcəyik, bu, təxminən 5-7 il vaxt tələb edir”, - nazir bildirib.

Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi fonunda Rusiya Prezidenti Vladimir Putin martın 23-də “dost olmayan ölkələr” üçün qaza görə ödənişlərin rubl ilə köçürülməsi barədə göstəriş verib.

Daha sonra “Der Spiegel” nəşri yazıb ki, Putinin qazın pulunun dollar və avro ilə deyil, rublla ödənilməsi ilə bağlı açıqlaması Qərbi heyrətə salıb.