Şimali Koreya lideri Kim Çen In sülhü qorumaq və təhdidlərə qarşı çıxmaq üçün müdafiə sektorunu inkişaf etdirməyin zəruri olduğunu açıqlayıb.
O, yalnız təsirli hücum imkanlarının həqiqi müdafiəni təmin edə biləcəyini vurğulayıb. Şimali Koreya lideri hücum silahlarını daha da inkişaf etdirməyə, daha güclü silahlar hazırlamağa və ordunu onlarla təchiz etməyə söz verib.
Kim Çen In yeni “Hwasong-17” qitələrarası ballistik raketinin buraxılışında iştirak edən müdafiə sənayesi mütəxəssisləri, alimlər, mühəndislər və digər işçilərlə görüşüb.
Martın 25-də Şimali Koreya ölkə liderinin şəxsi rəhbərliyi altında uğurlu sınaqlar keçirdiyini elan edib. Raket Pxenyan beynəlxalq hava limanından buraxılıb. Onun maksimal uçuş hündürlüyü 6248,5 km, uçuş məsafəsi 1090 km olub.
Yanvarın sonunda Pxenyan ballistik raketin buraxılmasını təsdiqlədi - o zaman bu, ortamənzilli “Hwasong-12” raketi idi. Yanvarın əvvəlində bir sıra yeni raket buraxılışlarından sonra Birləşmiş Ştatlar BMT-nin KXDR-ə qarşı yeni sanksiyalar tətbiq etməsini təklif edib. Vaşinqton, Tokio və Seul Şimali Koreyanın raket buraxılışlarının Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu vurğulayır.
Mənbə: RBC