Milyonlarla insan evindən çıxa bilmir

Şanxayda sərt karantin rejimi tətbiq olunub

   Əhalisinin sayı 26 milyon olan Şanxayda koronavirusa yüksək yoluxma sayı karantin şərtlərinin daha da sərtləşdirilməsinə səbəb olub. “Habertürk.com” xəbər verir ki, sərt karantin rejiminin geri döndüyü şəhərdə milyonlarla insan evə qapalı durumdadır. Bir neçə gün əvvəl karantin qaydalarının yumşaldılacağı bildirilmişdi, lakin yoluxma sayındakı kəskin artım Çin hökumətini Şanxayla bağlı sərt qərarlar verməyə məcbur edib. Evlərinə qapalı qalan şəhər sakinləri isə ərzaq və dərman qıtlığı yaşayır.

 Bu barədə “Associated Press” məlumat yayıb. Agentliyin məlumatına görə, Şanxayda milyonlarla insan ərzaq və dərman preparatları əldə etməkdə çətinlik çəkir. Agentliyə danışan şanxaylı gənc Grape Chen iflic keçirmiş xəstə atası üçün dərman almaqda çətinlik çəkir. Həkimlər əgər dərmanlar alınmazsa atasının ikinci dəfə iflic keçirəcəyini, vəziyyətinin daha da ağırlaşacağını bildiriblər. 

20 gündür karantin altında qaldığını söyləyən gənc hələ 23 martda ölkəni tərk etmək istədiyini, lakin müvəffəq olmadığını deyib. G.Chen kömək üçün polisə zəng edib, lakin ona “sizə kömək edə bilməyəcəyik. Polislər də karantin altındadır” cavabı verilib. Yaponiyalı Hiyane isə aprelin əvvəlində Şanxaya gəlib və burada sərt karantinlə üzləşib. Niyane bir həftədir evə yemək sifariş etdiyini, amma sifarişlərinin yerinə yetirilmədiyini  deyib. 

Şanxayda son 24 saatda 3 min 200 nəfərdə koronavirus aşkarlanıb. Statistikanın birdən-birə yüksəlməsi karantin rejiminin uzadılmasına, həm də sərtləşdirilməsinə səbəb olub.