Baydenin açıqlaması ən böyük nifrətə layiqdir

ABŞ qondarma genosid iddiaları ilə bağlı Türkiyə əleyhinə siyasət aparır

"Əsl genosid hazırda Ukraynada törədilir. Mülki insanlar məhv edilir, amma ABŞ prezidenti bunu sadəcə müharibə cinayəti adlandırır"

Ermənilərin Türkiyəyə qarşı absurd “soyqırım” mifi bitmir. Hər il aprel ayı “soyqırım” iddiası ilə manipulyasiya edən ermənilər dünyanı “soyqırım” sözünü işlətməyə cəlb edir. Amerika Prezidenti Co Bayden də qardaş ölkəyə qarşı böyük haqsızlıq edərək 1915-ci ildə Osmanlı dövlətində baş verənləri "soyqırımı" adlandırıb. Qeyd edək ki,  Bayden ötən il  bu hadisələri "soyqırımı" adlandıran ilk ABŞ prezidenti olub.

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Cozef Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı bəyanatına görə tənqid edib: “Bəzi Qərb liderləri son günlər “soyqırımı” sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər. Bu doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan “soyqırımı” sözünü işlətməsi onların ikiüzlülüyünün ən bariz nümunəsidir”.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi də  ABŞ Prezidentinin erməni anım günü ilə əlaqədar çıxışına münasibət bildirib: “ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında növbəti dəfə 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.
Bir əsr bundan öncə baş verən hadisələrin yanlış şəkildə təqdim edilməsi və qondarma “erməni soyqırımı” məsələsinin siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdləri qəbuledilməzdir. ABŞ prezidentinin bu bəyanatı, həmçinin hazırda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlara uyğun gəlmir. 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Tarixin saxtalaşdırılması cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.

Politoloq Qabil Hüseynli  isə “Şərq”ə açıqlamasında deyib ki, Osmanlı İmperatoru tərəfindən Mesopotamiyadan Şərqi Anadoluya köçürülən ermənilərin sayı cəmi  400 min idi. 1 milyon yarım öldürülmüş erməni əfsanəsini haradan  yaradıb dünyaya yaymağa başladılar?

Sadəcə bu faktın özü belə “erməni soyqırımı” əhvalatının Osmanlı İmperiyasının dağılmasında maraqlı olan qüvvələrin bir oyunu olduğunu sübut edir: “Ermənilər aşırı hiyləgər, hər yoldan nəsə mənfəət götürən mənəviyyatsız xalqdır. Onlar bununla dünyaya xristian-erməni xalqının əzildiyini, məşəqqətlər çəkdiyini, türklər, müsəlmanlar tərəfindən qırıldığını çatdırmağa çalışırlar. Bununla da dünyada özlərinə müəyyən imtiyazlar qazanmağa can atırlar. Halbuki, heç bir erməni soyqırımı olmayıb. Bunlar hamısı uydurmadır. Dünya da bu uydurmanın dalınca gedir. 

Hakimiyyətə gəldiyi gündən dünyanın altını üstünə çevirən Baydenin heç bir tarixi həqiqətə söykənməyən bir əhvalatı  “soyqırım” adlandırması siyasi xal qazanmağa hesablanmış bir manevrdir. ABŞ qondarma genosid iddiaları ilə bağlı Türkiyə əleyhinə siyasət aparır. Burada əsas məqsəd heç də ermənilərə can yandırmaq deyil, qardaş dövlətə təzyiq etmək niyyəti güdür. Əsl genosid hazırda Ukraynada törədilir. Mülki insanlar məhv edilir, amma ABŞ prezidenti bunu sadəcə  müharibə cinayəti adlandırır”. 

Politoloqun sözlərinə görə, hələ də sübuta yetirilməyib ki, Osmanlı əsgəri erməni öldürüb ya, yox. 

Həmin illərdə Osmanlı imperiyasını çökdürmək istəyən yunanlar, ingilislər, ruslar üçün  ermənilər bir pion idi:

 “Osmanlı ərazisinə köçürülən həmin o 400 min erməni imperiyanın başına bəla olmağa başladı. Qərbin köməyi ilə  silahlanan ermənilər təbəəsi olduğu dövlətə qarşı min cür oyunlar oynamağa başladılar. Əvvəla onu deyim ki, bu hadisələrin niyə məhz  “erməni genosidi” adlandırılması da qaranlıqdır.  O illərdə  vuruşan, müharibə aparan türklərlə ermənilər deyildi ki? Çərkəzlər və kürdlər də türklərlə birlikdə  bölgəni qarışdırmağa çalışan yunan, ingilis, rus ordusuna qarşı döyüşürdülər. Bu döyüşlərdə  ölən türklərin, kürdlərin sayı bəlkə də ermənilərdən çoxdur. Hətta  tarixi sənədlərə görə döyüşlərdə ölən yunanların sayı ermənilərdən qat-qat artıqdır.  Sadəcə olaraq Co Bayden və onun kimilərin babaları Osmanlı imperiyasını gücdən salmaq, parçalamaq üçün millətlərarası toqquşma yaradaraq Osmanlının günahsız erməni təbəələrinə qarşı kütləvi qırğın törədilməsi yalanını ortaya atdılar. Çox təəssüf ki, qismən də olsa buna nail oldular. İmperiya  bölündü və türklər kiçik bir ərazidə öz dövlətçiliyini qoruyub saxlaya bildi.  Amma türk düşmənləri bununla da kifayətlənmədi, erməniləri təşkilatlandırıb dünya miqyasında antitürk təbliğatını aparmağa başladılar”.   

Q.Hüseynli hesab edir ki, Baydenin mövqeyi ABŞ-ın rəsmi qərarı sayıla bilməz: “Bununla bağlı məhkəmə qərarı yoxdur və heç bir sənəd-sübut təqdim olunmayıb. Ağ Ev rəhbərinin bu sayıqlamaları sadəcə siyasi "xaltura" daşıyır: 

“Millətlərarası münasibətləri bu qədər gərginləşdirmək, alovun üzərinə su əvəzinə benzin tökmək, olmayan bir qırğın haqqında  məhkəmə hökmü olmadan genosid  adlandırmaq ikili standart yox, sadəcə biabırçılıqdır. Beynəlxalq hüquqi əsası olmayan bir hadisəni sadəcə öz ağlının hökmü ilə  “erməni soyqırımı” adlandıran Baydenin bu açıqlamasını çox böyük etiraz və nifrətlə qarşılayıram”.  
Şəymən