Ukraynada Rusiya pasportları paylanır! – “Müharibə davam edəcək”

Ukraynada Rusiya pasportları paylanır. Bu barədə mayın 25-də Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb. Fərmana əsasən, Melitopol, Xerson və Zaporojya şəhərlərində yaşayan ukraynalıların Rusiya vətəndaşlığı tanınır. Rusiya gününün qeyd olunduğu vaxtlarda Ukraynanın işğal olunmuş şəhərlərində pasportlar verilməyə başlanıb. 

Zaporojye vilayətinin rusiyalı hərbi rəhbəri Vladimir Roqov Melitopol şəhərində keçirilən mərasimlərdə pasportlar sahiblərinə təhvil verilərkən deyib ki, Rusiyanın tapşırığı ilə Xerson vilayətinin hərbi rəhbəri Vladimir Saldo xalqdan Rusiya vətəndaşlığı tələbi güclüdür. V.Saldo həmçinin indiyədək Xerson vilayətinin 23 sakininə Rusiya vətəndaşlığı verildiyini diqqətə çatdırıb.

Rusiyanın bu addımı barədə fikirlərini "Sherg.az"a bölüşən siyasi şərhçi Turab Rzayev bildirib ki, belə davranışlar Rusiyanın planlarını, niyyətini daha açıq ortaya qoyur:

"Rəsmi Moskva ilk başlarda müharibə niyyətində olmadığını, hücum etmək istəmədiyini bildirirdi. Hətta dövlət rəhbərləri açıqlamalarında da Rusiyanın Ukraynaya hücum etməyəcəyini vurğulayıblar. Baxmayaraq ki, qərb mediası, qərb kəşfiyyatı, hətta ABŞ prezidenti Cozef  Bayden belə Rusiyanın Ukraynanı işğal edəcəyini demişdi. Daha sonra mişal qonşumuzun Ukraynaya qarşı müharibəsi başladı. 

Onlar müharibə deyil, sadəcə antiterror əməliyyatı apardıqlarını və Ukrayna xalqını həmin rejimdən xilas etdiklərini deyiblər.

 Amma son hadisələr, xüsusilə də Xerson, Mariupol və Melitopolda əhaliyə vətəndaşlıq paylanması Rusiyanın bu əraziləri nəinki müvəqqəti öz nəzarətinə götürmək, həm də ilhaq etmək istəyini deməyə əsas verir. Birbaşa Krım kimi işğal etmək məramındadır. Çünki onlara pasport verilməsindən, həmin əraziyə Rusiyanın təqaüd tətbiq etməsindən, Kremldən maaş alandan sonra sözügedən şəhərlər necə Ukraynaya qaytarıla bilər?! Bu həm də Kremlin sülh prosesində səmimi olmadığını göstərir. Rusiya rəsmi olaraq, bildirib ki, Xerson və digər vilayətlər referendum keçirərək, istəyərlərsə, Kremlə birləşəcəklər. İndi isə əhaliyə pasport paylayıb. 

Aydın məsələdir ki, Ukrayna ilə bir razılıq əldə olunsa da, şimal qonşumuz Krımı qaytarmadığı kimi öz rus vətəndaşlığı daşıyan şəxsləri, yaxud da referendumla ona birləşmiş əraziləri də verməyəcək. Belə olan halda necə sülh ola bilər?!

 Barışıq üçün Ukrayna rəhbərliyi gərək çox alçaldıcı, təhqiramiz bir razılaşmaya getsin ki, tutulan bütün ərazilər Rusiyada qalsın. 

Bu da rəsmi Kiyev daxilində yeni qalmaqallara səbəb olar. Yaxud da Kreml torpaqların ən azından bir qismini qaytarmalıdır ki, Ukrayna cəmiyyətində sabitləşmə olsun. 

Amma rəsmi Moskvanın hazırki addımları onu göstərir ki, Rusiya torpaqları geri vermək niyyətində deyil. Belə olan halda müharibə hələ uzun müddət davam edəcək".