Türkiyənin Müdafiə Naziri Hulusi Akar NATO-nun Siyasi Komissiaysi ilə Aralıq dənizi və Yaxın Şərq üzrə Xüsusi Qrupun iclasında çıxış edib. O qeyd edib ki, aprelin 27-də Yunanıstan təyyarələri sərhədlərimizə daxil olaraq Datça, Didim və Dalamanda hava məkanımızı pozublar:
“Siz o qədər kilometrlərlə uzaqdan, Yunanıstanın sərhədindən Türkiyənin sərhədinə gəlib hava sərhədimizi pozacaqsınız, bundan sonra da bizim necə reaksiya verəcəyimizi gözləyirsiniz? Bizdə bunların radar görüntüləri var, müttəfiq ölkələrlə də paylaşmışıq. Aprelin 28-də onlara cavab verdik”.
Nazir Türkiyə ilə Yunanıstan arasındakı problemlərin həllinin danışıqlar yolu ilə baş tuta biləcəyini də vurğulayıb:
“Biz həmişə və israrla bildirmişik ki, problemlərin beynəlxalq hüquq, mehriban qonşuluq münasibətləri və dialoq yolu ilə həllinin tərəfdarıyıq”.
Vəziyyəti şərh edən analitik Turab Rzayev "Sherg.az"a bildirib ki, rəsmi Ankara Egey dənizinin tamamilə Yunanıstanın əlinə keçməsini istəmir.
" Yunanıstanın adaları silahlandırma cəhdi vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Digər tərəfdən adaların sahil xətti 3-6 km nəzərdə tutulur, lakin 12 km qədər uzadılması gözlənilir. Bu da Egey dənizinin 90 faizinin Yunanıstanın əlinə keçməsi deməkdir. Bu halda türk gəmiləri İstanbuldan Antalyaya, Manisaya, Mersinə getmək üçün Yunanıstandan icazə almalı olacaq. ABŞ - la imzaladığı sülh müqaviləsi Yunanıstanı cəsarətləndirir. Müqavilədə qeyd olunur ki , Yunanıstan hər hansı bir ölkə ilə hərbi münaqişə yaşasa, (Həmin ölkənin NATO üzvü olub olmaması fərq etmir)ABŞ ona dəstək verəcək. Bizə sirr deyil ki burada Türkiyə nəzərdə tutulur. Qardaş ölkə isə öz növbəsində bəyan edib ki, Yunanıstan adaların sahil xəttindən 6 km-dən çox kənara çıxması və silahlandırması müharibə səbəbidir."