Hava Limanı kifayət qədər işçi olmadığı üçün yay uçuşlarını azaldacaq

London Qatvik Hava Limanının rəhbərliyi kifayət qədər işçi olmadığı üçün yay uçuşlarının azaldılacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyası zamanı aviasiya sənayesində çalışan minlərlə insan işdən çıxarılıb. Karantinlər və uçuş qadağaları başa çatdıqdan sonra uçuşların və sərnişinlərin sayı artsa da, hava limanlarının fəaliyyəti yetərsiz qalıb.

London hava limanlarında reyslərin ləğvi və ya uzun gecikmələr on minlərlə sərnişinə ziyan vurub. Bundan sonra hökumət və rəsmilər aviaşirkətlərə yay dövrü üçün real uçuş cədvəlləri yaratmağı tapşırıb.

Qatvik rəhbərliyi uçuşların sayını azaltmaq qərarının müvəqqəti olduğunu və sərnişinlərə daha etibarlı və daha yaxşı xidmət standartları təqdim etmək üçün qəbul edildiyini bildirib. Əvvəlki illərdə 900 olan gündəlik uçuşların sayı iyulda 825-ə enəcək.

Qatvik, həmçinin bu yay sərnişinlərin təhlükəsizlik nəzarət zonalarından keçməsinə kömək etmək üçün 400 nəfəri işə götürdüyünü və növbəti həftələrdə yeni işə götürülənlərin sayının daha çox olacağını bildirib.

Bununla belə, hava limanında bəzi şirkətlərdə hələ də kadr çatışmazlığının olduğu, gecikmələrin və ləğvlərin davam edə biləcəyi elan olunub.

Uçuşların ləğvi və gecikmələrdən sonra Mülki Nəqliyyat və Aviasiya Departamenti aviaşirkətlərdən öz cədvəllərini nəzərdən keçirmələrini və qeyri-işlək olacağı proqnozlaşdırılan uçuşları ləğv etməyi xahiş edib.