Turab Rzayev:“Rusiya mayın əvvəlində Özbəkistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) çağırdı”
“Özbəkistan isə Türkiyə ilə hərbi təlimlər keçirdi, müttəfiqlik müqaviləsi imzaladı. Daha sonra Azərbaycanla birgə iqtisadi, siyasi, hərbi baxımdan yaxınlaşdı”
“Rusiya məhz Türkiyə - Azərbaycan - Türkmənistan - Özbəkistan xəttinin formalaşmasına izin vermək istəmir”
Özbəkistanın tərkibindəki muxtar respublika olan Qaraqalpaqıstan vilayətində baş verən kütləvi iğtişaşlar davam edir. Regionun Özbəkistandan ayrılmaq hüququnu geri almaq planlarına etiraz edən fəallar ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Bölgəninin səhiyyə naziri Qaraqalpaqıstanın paytaxtı Nukusda xəstəxanaların dolu olduğunu deyib. Qeyd edək ki, Özbəkistan parlamentinin qanunvericilik palatası ölkə konstitusiyasında muxtariyyəti olan Qaraqalpaqıstan Respublikasının suverenliyi ilə bağlı müddəaların qalmasına səs verib. İyulun 1-də hakimiyyətin bölgəni suveren statusundan məhrum etmək planlarına görə, orada kütləvi etirazlar başlayıb.
Hakimiyyət orqanlarının Özbəkistan konstitusiyasına dəyişiklik layihəsini dərc etməsindən sonra minlərlə insan Qaraqalpaqıstanın paytaxtı Nukusda küçələrə çıxıb. Qaraqalpaqıstan sakinləri iki dəyişikliyə - respublikanın suveren statusunun ləğvinə və Özbəkistandan ayrılmaq hüququndan məhrum edilməsinə qarşı çıxıblar.
Qaraqalpaqıstan vilayətində baş verən kütləvi iğtişaşlarda 18 nəfər həlak olub, 243 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Özbəkistandakı hadisələri "Sherg.az"a dəyərləndirən politoloq Turab Rzayevin qənaətincə, etirazlarda Rusiyanın böyük təsiri olduğu ehtimal edilir:
"Qaraqalpaqların geniş muxtariyyət hüququ vardı. Bu hüquqa görə onlar istənilən vaxt Özbəkistandan ayrıla, yaxud tərkibində qala bilərdilər. İndi həmin hüququn əllərindən alınması etiraz doğurur. Mərkəzi hakimiyyətin də ehtiyatsızlığı duyulur.
Rusiya mayın əvvəlində Özbəkistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) çağırdı. Qazaxıstan hadisələri dövründə Belarus prezidenti Aleksandr Lukaşenko da Özbəkistanı sözügedən təşkilata dəvət etmişdi. Hamımız A. Lukaşenkonu Putinin sözçüsü kimi tanıyırıq. Özbəkistan isə Türkiyə ilə hərbi təlimlər keçirdi, müttəfiqlik müqaviləsi imzaladı. Daha sonra Azərbaycanla birgə iqtisadi, siyasi, hərbi baxımdan yaxınlaşdı. Özbəkistan seçimində Rusiyanın yaratdığı ittifaqdansa, Türk ittifaqına meyl göstərdi. Özbəkistanda Rusiyanın çox güclü dayağı mövcuddur. Özbəkistanın birbaşa Rusiya ilə üzləşəcəyini düşünmürəm".
Politoloq bildirib ki, Özbəkistan Azərbaycan üzərindən Türkiyə ilə birlikdə Rusiyaya qarşı manevr imkanı yaradıb:
"Rusiya Qaraqalpaqıstan hadisələrindən Özbəkistanın ərazi bütövlüyünə təhdidedici formada yararlanmağa qərar verib. Azərbaycana qarşı Qarabağ, Gürcüstana Abxaziya və Osetiya, Ukraynaya Krım, Moldovaya Dnestryanı kimi problemli zonalar yaradaraq təsir altında saxlamağa səy göstərir. Rusiyanın bunu həddən artıq "qaşıyamayacaq". Əgər etsə, açıq formada Özbəkistanın qarşısını alaraq, onu da itirə bilər.
Rusiya bir cəbhədə mübarizə aparır. İkinci cəbhəni gücləndirməsi Rusiyanın resurslarının itkisinə və zəifləməsi ilə nəticələnər.
Rusiya Özbəkistan problemini mümkün qədər təmkinli və sakit həll etməyə çalışacaq. Özbəkistana sadəcə öz gücünü nümayiş etdi. Özbəkistan Şərq - Qərb, yəni Çindən başlayıb Britaniyayadək uzanan yolda, önəmli mövqedə yerləşir. Yolun effektiv fəaliyyətindən ötrü Özbəkistansız işləməsi qeyri-mümkündür.
Rusiya məhz Türkiyə - Azərbaycan - Türkmənistan - Özbəkistan xəttinin formalaşmasına izin vermək istəmir. Özbəkistana təzyiq formalaşdırır".