Bir neçə gündür, Özbəkistanın tərkibindəki muxtar respublika olan Qaraqalpaqıstan vilayətində baş verən kütləvi iğtişaş ara vermir. Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukus şəhərinin sakinləri ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərə görə, mitinqləri davam etdirirlər. Etirazlar paytaxtdan sonra Çumbay və Muynak kimi şəhərlərə də yayılıb. Ölkə prezidenti Şavkat Mirziyoyev Nukusda keçirilən etiraz aksiyalarında dinc əhali və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itkilərin olduğunu bildirib. Onun sözlərinə görə, etirazçıların bir neçə qrupu silahlara sahib olmaq üçün şəhər daxili işlər idarəsinin və Nukusdakı milli qvardiya bölməsinin binalarını ələ keçirməyə cəhd ediblər.
Tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a açıqlamasında bildirib ki, Özbəkistan hadisələrində əlbəttə, Rusiyanın əli var:
"Çünki Özbəkistan və Qazaxıstanın bugünkü vəziyyəti ilə bağlı əvvəlcədən xəbərdarlıq edilib. Təxminən bir neçə ay əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko açıqlamasında öz dövləti və Rusiya arasında yaranan İttifaq Dövlətinə yeni ölkələrdən Qazaxıstan və Özbəkistanın da əlavə olunacağını bildirib. Bu bəyanatdan belə bir qənaətə gələ bilərik ki, Kreml Lukaşenko vasitəsilə müəyyən mesajları dünyaya çatdırır. Əlbəttə ki, Şavkat Mirziyoyev son illərdə istər Çin, istər Koreya, istər Asiya ölkələri ilə müəyyən reformlar aparırdı. Yeni sistem, islahatlar Özbəkistanı Rusiyadan fərqli yöndə inkişafa götürürdü. Bu da keçmiş prezident İslam Kərimova arxalanan Rusiyada yeni ölkə başçısı Ş. Mirziyoyevə qarşı qıcıq yaradırdı. Kreml sanki Ş.Mirziyoyevə bir xəbərdarlıq etdi. Yəni siyasətini Çin, Asiya dövlətləri istiqamətində qursan, ölkəni parçalayarıq. Həmçinin separatizmi hərəkətə gətirərik. Nəticədə Rusiyanın Sovetlər Birliyindən bu yana istifadə etdiyi separatizm metodu, ölkəni münaqişəyə gətirmək politikası Özbəkistanda da özünü göstərmiş oldu. Gürcüstan, Ukrayna, Moldoviya, Azərbaycan kimi xüsusiləşməyə meyilli, inkişaf edən dövlətlər sırasına Özbəkistan da qatıldı. Artıq ölkə liderinin Qaraqalbaqıstan Muxtar Cümhuriyyətindəki insanlarla necə anlaşacağı, hansı şərtlər qoyacağı, münasibətləri necə tənzimləyəcəyini zaman göstərər. Bir tək onu demək olar ki, Rusiya öz planlarını zamanla həyata keçirməyə davam edir. Ukrayna cəbhəsindən geri addım atmır. Eyni zamanda Ermənistan tərəfdən də Robert Köçəryanı istifadə edir. Bildiyimiz kimi, Avropa Parlamenti Gürcüstandan fərqli olaraq, Ukraynanı namizəd kimi qəbul etdi. Bununla əlaqəli şimal-qərb qonşu dövlətdə müəyyən narazılıqlar var. Rusiyanın xaos yaradaraq, digər qonşu dövlətləri nəzarətdə saxlamaq siyasətinin davam etdiyinin bir daha şahidi oluruq".