“Əl-Qaidə”nin liderinin qətli ciddi mahiyyət daşımır"



Əhəd Məmmədli: "ABŞ öz avtoritetini qorumaq, bölgədə nüfuzlu olduğunu, terrorçulara qarşı daim mübarizə apardıqlarını vurğulamaq üçün informasiyanı bu formada təqdim ediblər"

  “Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb. Xəbər ABŞ Prezidenti Co Bayden tərəfindən də təsdiqlənib. Bayden administrasiyasının yüksək rütbəli rəsmisi deyib ki, Amerika kəşfiyyatı tərəfindən Ayman əl-Zəvahirin yeri bu ilin əvvəlində müəyyən edilib. Onun sözlərinə görə, aylarla onun hərəkətləri izlənilib və ailəsi ilə birlikdə Kabildə təhlükəsiz evdə yaşadığı müəyyən edilib: “Əl-Zəvahirinin ailə üzvləri zərbə zamanı evin digər hissələrində olub və məqsədli şəkildə hədəfə alınmayıb və silahsız olublar. Bu zərbədə mülki əhalinin zərər çəkdiyinə dair heç bir əlamətimiz yoxdur”. 71 yaşlı Ayman Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi.
  Politoloq Əhəd Məmmədli “Şərq”ə vurğulayıb ki, Əl-Zəvahiri Bin Ladenin sağ əli idi. Analitik qeyd edib ki, onun öldürülməsi haqqında bundan əvvəl də çoxsaylı informasiyalar yayılmışdı: “Lakin sonuncu xəbər Prezident Co Bayden tərəfindən rəsmən təsdiqlənirsə, dəqiqliyi şübhə doğurmur. Əslində indiki dönəmdə “Əl-Qaidə”nin rəhbərinin qətlə yetirilməsi ciddi mahiyyət daşımır. Çünki bu terrorçu təşkilatın son dönəmlərdə adı demək olar ki, eşidilmir. Regionda baş verən proseslərdə yaxından iştirakı, ciddi teraktları müşahidə olunmur. Açıq şəkildə PKK, "Taliban", "Hizbullah" və digər terrorçu qruplaşmaların kölgəsində qalıb. Ona görə də Əl-Zəvahirinin məhv edilməsi Amerika üçün elə də böyük uğur sayılmır. ABŞ öz avtoritetini qorumaq, bölgədə nüfuzlu olduğunu, terrorçulara qarşı daim mübarizə apardıqlarını vurğulamaq üçün informasiyanı bu formada təqdim ediblər. “Əl-Qaidə”nin yenidən dirçələcəyini də düşünmürəm. Əgər terror dalğası planlaşdıran hansısa ölkənin kəşfiyyat orqanı varsa, böyük ehtimal yeni qruplaşma yaradacaqlar, yaxud “Əl-Qaidə”dən daha güclü terror qruplaşmasının adından istifadə edəcəklər”.