Daşkənddə üçtərəfli görüş: Türk dünyası birliyi güclənir!

Daşkənd şəhərində Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü baş tutub. Görüşdə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər. Nazirlər tərəfindən gündəlikdə duran mövzular üzrə çıxışlar səsləndirilib. Görüşdə xarici siyasət və regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığının tam potensialının həyata keçirilməsi üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycan, Türkiyə və Özbəkistanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə edilib. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb. Zəngəzur dəhlizi daxil olmaqla, regionda bütün kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcəyi qeyd edilib. Görüş nəticəsində üç dövlətin müvafiq sahələr üzrə məsul nazirləri tərəfindən Daşkənd bəyannaməsi imzalanıb və xarici işlər nazirləri üçtərəfli görüşün nəticələrinə dair mətbuat açıqlamaları ilə çıxış ediblər. Ekspertlərin fikrincə, Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq ortaq tarixə, birgə mədəniyyətə və dəyərlərə əsaslanır. Bu, həmçinin möhkəm ikitərəfli əlaqələr və ölkələr arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinə dayanır. O baxımdan xarici işlər, iqtisadiyyat və nəqliyyat üzrə məsul nazirlərin iştirakı ilə əsası qoyulmuş yeni üçtərəfli format müvafiq sahələrdə birgə layihələrin işlənib hazırlanmasına və irəli aparılmasına kömək edəcək. Bu həm də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı fəaliyyəti gücləndirəcək.
  Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Sherg.az"a deyib ki, Türkiyə Cənubi Qafqazda, Orta Asiya istiqamətində öz geostrateji və geoiqtisadi mövqeyini gücləndirmək planını tətbiq edir. Ekspertə görə, bu planın reallaşması türk respublikalarının birliyindən asılıdır: “Yeni dünya nizamında Türkiyənin atdığı addımlar Ankaranı regional müstəvidən qlobal meydana çıxaracaq. Daşkənddəki üçtərəfli görüş, müqavilələrin imzalanması Türkiyə və Azərbaycanın birgə səylərinin nəticəsidir. Orta Asiya ölkələrinin Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlığı, koordinasiyalı fəaliyyəti siyasi-iqtisadi, enerji və beynəlxalq transxəzər nəqliyyat marşrutu kimi mühüm layihələrin işləməsinə gətirib çıxaracaq. Şərqlə Qərbi birləşdirən nəqliyyat habının üzərində olan Mərkəzi Asiya və Cənubi Qafqaz birbaşa Azərbaycanla bağlı regionlardır”.
Ekspertə görə, Azərbaycanın Türkiyə ilə əlaqəsi bütövlükdə türk dünyası birliyinin güclənməsi deməkdir: “Təbii ki, burada siyasi-iqtisadi, mədəni, enerji və nəqliyyat əlaqələri növbəti mərhələdə hərbi ittifaqın qurulmasına da öz töhfəsini verəcək. Bu addımlar atıldıqca Türkiyənin mövqeyi güclənəcək. Nəzərə alaq ki, Orta Asiya uğrunda Çin-Rusiya mübarizəsi də gedir. Lakin Orta Asiyanın dil, din və etnik cəhətləri Türkiyənin şansını daha da artırır. Bu ölkələrin də seçimi Türkiyədən etməsi Ankaranın əlini gücləndirir. Rusiya və Çinin məqsədi regionları istismar etməklə, dövlətlərin müstəqilliyini zəiflətməkdir. Türkiyə və Azərbaycanın Orta Asiya ölkələrinə dəstək verməsi həmin dövlətlərə də stimul olur. Türkiyə bölgədə təhlükəsizliyin və suverenliyin qarantı rolunda çıxış edir. Rusiyanın reaksiyası mənfidir, çünki həm Cənubi Qafqaz, həm də Orta Asiya bölgəsində Moskva Ankara ilə açıq və ya gizli mübarizədədir”.