"...Ərzaq böhranı gözlənilir"

"Türkiyə artıq reallıq yaratdı. Bu reallıq nəticəsində biz görürük ki, Rusiya-Türkiyə dialoqunda həm də Qarabağ, Zəngəzur məsələləri müzakirə olunmaqdadır"
  Dünən Rusiyanın Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib. Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı əməkdaşlıqda “yeni səhifənin açılacağını” deyib. O, Türkiyənin Mersin şəhərində “Akkuyu” AES-in tikintisi layihəsi çərçivəsində işlərin davam etdirilməsinin vacibliyini də vurğulayıb: “Ümid edirəm ki, bugünkü danışıqların nəticələrindən sonra məsələ müəyyən nöqtəyə gətiriləcək, qiymətləndirmə aparılacaq, qərarlar veriləcək ki, bu da prosesin uzanmasının qarşısını alacaq”. Türkiyənin dövlət başçısı işlərin əvvəllər təsdiq edilmiş qrafikə uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıb. Xatırladıb ki, “Akkuyu” AES Türkiyənin ehtiyac duyduğu bütün elektrik enerjisinin 10 faizini istehsal edəcək. Putin öz növbəsində bildirib ki, Türkiyənin də iştirak etdiyi “Türk axını” qaz kəməri bu gün Avropanı Rusiyadan qazla təmin etmək üçün ən mühüm arteriyalardan biridir. Ərdoğan vurğulayıb ki, müzakirə edilən və nöqtəsi qoyulacaq mövzular Türkiyə-Rusiya münasibətlərində yeni səhifə açacaq. O qeyd edib ki, Suriya ilə bağlı müzakirə etdikləri mövzular region üçün böyük əhəmiyyət kəsb edir. Putin isə öz növbəsində vurğulayıb ki, Avropa Rusiyadan təbii qazın fasiləsiz axınına görə Türkiyəyə minnətdar olmalıdır. O həmçinin, Türkiyənin Suriyada vəziyyətin normallaşmasına dair atdığı addımların vacibliyini də vurğulayıb: “Tədarük prosesinə start verilib. Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə sizə minnətdarlığımı bildirmək istəyirəm”. O, Türkiyə prezidentinin və BMT-nin Baş katibi Antoniu Quterreşin bu problemin nizamlanmasına verdiyi töhfəni xüsusilə vurğulayıb. Putinin sözlərinə görə, bu addım bir çox ölkə, ilk növbədə, inkişaf etməkdə olan ölkələr üçün vacib rol oynadı və onlara ciddi ərzaq böhranından xilas olmaq imkanı verdi. Kreml rəhbəri bunun ərzaq və su təminatı ilə bağlı böyük problemlərin astanasında olan ölkələr üçün çox vacib olduğunu vurğulayıb: “Şəxsən sizin iştirakınızla qəbul edilmiş bu qərarlar bütün bu ölkələr üçün çox böyük əhəmiyyət kəsb edir. Buna görə sizə öz təşəkkürümü bildirirəm”. Liderlərin görüşündə Suriya və Ukrayna ilə yanaşı, Qarabağ məsələsi də müzakirə olunub.
  Politoloq Zaur Məmmədov "Sherg.az"a deyib ki, indiyə qədər Putin və Ərdoğan arasında istər taxıl, istər Suriyanın şimalında gedən hadisələr, istərsə də Cənubi Qafqazla bağlı görüşlərin müsbət nəticələri olub. Ekspertin sözlərinə görə, Putin-Ərdoğan arasında Soçidə görüşün keçirilməsi çox əhəmiyyətlidir: “Birincisi ona görə ki, dünyada ərzaq böhranı gözlənilir. Belə bir vaxtda Ukraynada hadisələrin gələcək nizamı və ərzaq böhranı ilə bağlı tədbirlərin nədən ibarət olacağı müzakirə predmeti ola bilər. Unutmayaq ki, bu gün Ukrayna və Rusiya ilə eyni siyasi dili danışa bilən ölkələr sırasında bir ölkə var, o da Türkiyədir. Dünyanın heç bir ölkəsi Türkiyə kimi Rusiya ilə Ukrayna arasında dialoq, sabitliyin yaranmasında maraqlı və əsas aktor rolunda çıxış etmir”. Z.Məmmədov bildirib ki, Rusiya Cənubi Qafqazdakı proseslərə 200 ildir ki, heç bir dövləti buraxmırdı. Hətta İranla belə Qarabağda, Şərqi Zəngəzurda, işğal edilmiş Qərbi Zəngəzur bölgəsində və digər bölgələrdəki prosesləri müzakirə etmirdi: “Lakin Türkiyə artıq reallıq yaratdı. Bu reallıq nəticəsində biz görürük ki, Rusiya-Türkiyə dialoqunda həm də Qarabağ, Zəngəzur məsələləri müzakirə olunmaqdadır. Son hadisələr fonunda Azərbaycanın tələbləri məlumdur. Bizim üçün vacib məqam ondan ibarətdir ki, üçtərəfli bəyanatın əsas aktoru sayılan Rusiya Azərbaycanın yanında yer alaraq, ermənilərin sərsəm hərəkətlərinə qarşı adekvat qiymətləndirmə aparsın, Laçın yolu, erməni hərbi birləşmələrilə bağlı Ermənistana verilən ultimatumda Azərbaycanın və Türkiyənin yanında çıxış etsin”.