Britaniya mediası səfirliyə hücumu susaraq qarşıladı

  “Maraqlıdır ki, Britaniyanın aparıcı media orqanları Azərbaycanın Londondakı əsas diplomatik nümayəndəliyinə qarşı hücumun təqdimatına demək olar, yer vermədilər”. Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov "Sherg.az"a deyib. MŞ rəhbəri bildirib ki, təxribat aktı Avropa üçün təhlükəli sayılan dini fanatizm, islam fundamentalizmi rənglərinə bürünmüşdü: “Başqa vaxt qitənin islamafobları ayağa qalxardılar. İndi onlar da susublar. Görünür, ya Britaniya Avropa deyil, ya da biz Britaniyanın olduğu Avropanı tanımırıq. Belə nəticəyə gəlirəm ki, islamafobiyanın özü də qəlibləşdirilmiş siyasi struktura malikdir. Yəni bu cərəyanın reaksiya verəcəyi durumlar da kifayət qədər konkretdir. Hər şey ölçülü-biçilidir, hesablanmışdır. Nə isə, sözüm bunda deyil. Təsəvvür edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə hücum olub, Britaniya bayrağı endirilib. Bircə anlığa dünya mediasının nələrdən yazacağını düşünün? Hansı paralellər aparacağını da. Bəlkə hələ öz vətəndaşlarını Azərbaycana səfərdən imtina etmək yönümlü çağırışlar edən kütləvi informasiya vasitələri də tapılardı. Ancaq “BBC”, “ITV”, “Sky news” kimi nüfuzlu telekanallar, “The Times”, “Daily Mail”, “The Telegraph”, “The Spectator”, “Private Eye”, “The Guardian” kimi populyar nəşrlər Azərbaycan səfirliyinə qarşı hücumu, təxribatı susaraq qarşıladılar”.
  Ə.Amaşov qeyd edib ki, yalnız az sayda populyar nəşrlərdə hadisə barədə ötəri təqdimata rast gəlinib: “Eyni yolu “BBC”nin Azərbaycan və fars xidməti də tutdu. Yeri gəlmişkən, onu da deyim ki, BBC Azərbaycanda cinsi azlıqların nümayişini canlı yayımlayırdı. Azərbaycanın Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı hücum və bayrağımıza qarşı aşkar hörmətsizlik faktına media yanaşması bir daha onu göstərdi ki, dünyada peşəkar jurnalistika standartları gerçək hədəf və mahiyyətindən uzaqdır. Bu standartlar özünü yalnız siyasiləşmiş və ya siyasiləşdirilmiş məsələlərə münasibətdə göstərir”.