“Bu halda Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə imkan verməyəcək”  

Turab Rzayev:“İndi ABŞ-nin daxilində İsveç və Finlandiyanın NATO-ya daxil olmasını istəməyən müəyyən şəxslər var”

Elçin  Xalidbəyli:“Türkiyənin tələbləri icra olunmazsa, İsveç və Finlandiya hələ uzun müddət rəsmi Ankara ilə nəticəsiz görüşlər keçirtməli olacaq”


NATO-nun Madriddə keçirilən sammitindən sonra Türkiyə, İsveç və Finlandiya nümayəndələrinin Şimal ölkələrinin alyansına üzvlük məsələsi ilə bağlı ilk görüşü avqustun 26-na planlaşdırılıb.Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib : “Hələ ki İsveç və Finlandiya tərəfindən NATO-ya üzvlüklə bağlı memorandumda təsbit olunmuş və şifahi olaraq söz verilmiş öhdəliklərin yerinə yetirildiyini görmürük. Bununla belə, biz danışıqlara hazırıq. İsveç və Finlandiya nümayəndələri ilə ilk belə görüşün avqustun 26-da keçirilməsi planlaşdırılır”. 

Siyasi şərhçi Turab Rzayev məlum prosesi “Sherg.az”a şərh  edib. O qeyd edib ki,  bu məsələnin həlli yolunda artıq çox da böyük problem qalmayıb. Böyük ehtimalla  hər iki ölkənin NATO-ya qəbul olunması prosesinə start veriləcək:

“NATO-ya üzvlük çox qısa müddətdə baş vermədiyi üçüm qəbul birbaşa deyil mərhələli şəkildə həyata keçiriləcək.Hər iki ölkənin bu təşkilata qəbul olunma faizi yüksəkdir. Onların NATO-ya qəbul olunmasında əsas maneə artıq Türkiyə deyil. İndi rəsmi Ankara bu ölklərlə müəyyən bir ortaq razılığa gəlib. Amma indi ABŞ-nin daxilində İsveç və Finlandiyanın NATO-ya daxil olmasını istəməyən müəyyən şəxslər var. Bundan başqa yaxın gələcəkdə Avropada da hansısa ölkə bu üzvlüyə qarşı ola bilər. Hazırda onların  NATO-ya üzvlüyünə qarşı  ciddi müqavimət göstərən bir dövlət yoxdur .

Analitik Elçin  Xalidbəyli diqqətə çatdırıb ki,  İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ABŞ və Qərb üçün olduqca vacibdir və prinsipial məsələdir:

“Hər iki dövlətin NATO-ya üzvlüyü Rusiyanın qərb sərhədlərinin bu hərbi-siyasi blok tərəfindən tamamilə blokadaya alınması anlamı daşıyır.Yəni NATO bu halda Rusiya sərhədlərində Qara dənizdən şimal qütbünə qədər hərbi bazalar yerləşdirməklə, mühasirə halqasını qapatmış olacaq.Təbii ki, Rusiya bundan olduqca narahatdır. Kreml İsveç və Finlandiyanın NATO üzvlüyünə aqressiv reaksiya verir. Ancaq Rusiyanın buna əngəl törətmək imkanları və mexanizmləri mövcud deyil. Çünki Kreml Rusiyanın beynəlxalq sanksiyaların altında əzildiyi indiki situasiyda Ukraynanın NATO-ya üzvlüyünə qarşı verdiyi reaksiyanı təkrarlayıb, İsveç və Finlandiyaya hərbi müdaxilə edəcək durumdan çox uzaqdır. Ona görə də, hazırda İsveç və Finlandiyanın NATO üzvlüyü qarşısında yalnız bir həlledici əngəl var. Yəni  indi yalnız Türkiyə bu ölkələri NATO-nun taybatay açılmış qapıları arxasında saxlamaq imkanındadır. Ancaq rəsmi Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü Rusiyanın maraqlarına görə əngəlləmir. Bu məsələdə Türkiyənin milli təhlükəsizlik maraqları həlledici xarakter daşıyır ”.

Analitik vurğulayıb ki, İsveç və Finlandiya Türkiyəyə qarşı terrorçu qruplaşmalara “qucaq açmış” ölkələrdir.Ona görə də rəsmi Ankara Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edən terrorçu qruplaşmaları dəstəkləyən İsveç və Finlandiyanı NATO sıralarına buraxmaq niyyətində deyil:

 “Düzdür, NATO-nun Madrid sammitində Türkiyənin şərtlərini ifadə edən İsveç və Finlandiya ilə üçtərəfli anlaşma imzalandı. Bu iki ölkə öz ərazilərində terrorizmə qarşı mübarizə aparacaqları və rəsmi Ankaranın verdiyi siyahılarda yer alan terrorçuları Türkiyəyə təhvil verəcəyi barədə öhdəlik götürdü. Yalnız bundan sonra Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə imkan verən rəsmi sənədi imzaladı.Ancaq İsveç və Finlandiya həmin sənəd imzalandıqdan sonra Türkiyə ilə olan üçtərəfli anlaşmaya qətiyyən riayət etmədi. Rəsmi Ankaranın tələb etdiyi terrorçuları Türkiyəyə təhvil verməkdən imtina etdi. Terrorçu qruplaşmalara maliyyə dəstəyini əvvəlki kimi davam etdirdi. Ona görə də rəsmi Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsində öz mövqeyindən qətiyyən uzaqlaşmayıb. Türkiyə üçtərəfli anlaşmalarda İsveç və Finlandiyanın üzərinə qoyulan öhdəliklər yerinə yetirilməyənə qədər bu iki ölkəni NATO-ya buraxmayacaq. Bu baxımdan, bu iki ölkənin NATO-ya üzvlüyünə razılıq verilməsi üçün ümumi sənəd imzalansa da, onların taleyi hələ də Türkiyədən birbaşa asılıdır. Çünki, İsveç və Finlandiyanın NATO-ya qatılmasının reallaşması üçün bu barədə imzalanmış ümumi razılıq sənədinin Avratlantika blokunun bütün üzvlərinin parlamentlərində ratifikasiya olunması vacibdir. Bu, baş verməyəcəyi və ya hər hansı üzv dövlət parlamentdə həmin sənədi təsdiqləməyə təqdirdə, İsveç və Finlandiya NATO-nun qapıları ağzında gözləməkdə davam edəcək”.Analitikin qənaətincə, rəsmi Ankara Türkiyənin tələbləri tam şəkildə yerinə yetirilməyəcəyi təqdirdə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə imkan verməyəcək:  
“Türkiyənin tələbləri icra olunmazsa, İsveç və Finlandiya hələ uzun müddət rəsmi Ankara ilə nəticəsiz görüşlər keçirtməli olacaq”.