“...Ukrayna işğal senarisinin qarşısını almaq üçün daha qətiyyətli addımlar atmalıdır”
“Təkcə Krıma yox, Rusiyanın digər ərazilərinə qarşı da əks-hücum əməliyyatları keçirməlidir"
Krımdakı Rusiya silah anbarında partlayış olub. Rəsmi Moskva məlum hadisəyə görə Ukraynanı ittiham edib. Qarşı tərəf bu ittihamları rədd edib. Ukrayna prezidenti Volodomir Zelenski bəyan edib ki, Rusiyanın işğal prosesinə Krımın ilhaqı ilə başladığını unutmamalıyıq: “Krım Ukraynanındır və biz ondan heç vaxt imtina etməyəcəyik. Bu müharibə Krımda bitəcək və Ukrayna Krımı hərbi yolla geri qaytaracaq”.
Rusiyanın özünü müharibədə hiss etmədiyini deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, rəsmi Kiyev qalib gəlmək və yaxud Rusiyanı sülhə məcbur etmək istəyirsə, daha qətiyyətli addımlar atmalıdır:
"Əvvəllər, Ukrayna Qərbdən uzunmənzilli raketlər istəyirdi. Çünki qısamənzilli raketlər yalnız cəbhə boyunu vurmağa imkan yaradır. Ukrayna isə 250-300 km- lik raketlər tələb edirdi ki, bununla Krım körpüsünü və Donbasdan Rusiyanın arxa cəbhələrini vura bilsin. Onlar hətta bir neçə ordu qərərgahı, strateji nöqtə və anbarlara zərbə endirmişdilər. İndi isə Ukrayna Krımdakı partlayışda onların "əl"inin olmadığını bildirir. Rusiya Müdafiə Nazirliyi bir tərəfdən hadisənin əsgərlərin ehtiyatsızlığından olduğunu bildirir, digər yandan rəsmi Kiyevi ittiham edir. Ukrayna Krımın öz ərazisi olduğunu iddia etsə də, ora əks-hücumdan çəkinir. Çünki onlar Krımın Kremlin qırmızı xətti olduğunu düşünür".
Politoloq qeyd edib ki, Ukrayna qalib gəlmək və yaxud Kremli sülhə məcbur etmək istəyirsə, mütləq Rusiyanın bir və ya iki regionunu vurumalıdır:
"Rusiya faktiki müharibədə olduğunu iddia etmir və antiterror əməliyyatı apardığını deyir. Əgər onlar bir neçə ərazisində müharibədə olduğunu hiss etsə, sülhə daha yaxın olacaq.
Ukrayna bu nüansda Kremldən daha çox güzəşt alma imkanı var. Əks halda rəsmi Kiyev nəinki Krımı qaytara bilməyəcək, həmçinin digər ərazilərini də itirmə təhlükəsi ilə üz-üzə qalacaq. Ola bilsin ki, qarşıdakı aylarda Rusiya Avropa ölkələrini danışıqlara məcbur etsin.
Bundan sonra isə Ukrayna Krım və Donbasla vidalaşmalı olacaq. Bu senarinin qarşısını almaq üçün rəsmi Kiyev daha qətiyyətli addımlar atmalıdır. Təkcə Krıma yox, Rusiyanın digər ərazilərinə qarşı da əks-hücum əməliyyatları keçirməlidir".