“Qiyamət buzlağı” sürətlə əriyir


Fəlakət bir il ərzində baş verə bilər

  Hazırda ölkəmizdə qeyri-sabit hava şəraiti hökm sürür. Avqust və sentyabrın ilk 5 gününün qovurucu istisindən sonra güclü külək və yağışla müşayiət olunan temperatur enməsi ağıllarda sual doğurdu: bizi qarşıda daha nələr gözləyir? İllərdir haqqında danışılan qlobal istiləşmə, iqlim dəyişiklikləri deyəsən elə budur. Artıq bir neçə ildir ki, mövsümlər demək olar, sezilmir. Qışdan birbaş yay fəslinə, yay fəslindən də birbaşa qışa keçid edilir. Payız-yaz itib artıq. Fəsillər 4 yox, 2 olub. Bütün dünyada belədir. Ölkəmizdə müşahidə olunan iqlim dəyişikliyi Cənubi Koreyada, Yaponiyada leysan yağışlar, fırtınalarla özünü göstərir. Türkiyədə də havalar kəskin soyuyub. 

Dünənədək  istidən yanan Qara dəniz sahilləri artıq leysan yağışların əsarətindədir. Səbəb isə əlbəttə ki, qlobal iqlim dəyişikliyi, qlobal istiləşmədir. Bunun təzahürü  isə hazırda Arktikada yaşanır. “Qiyamət buzlağı” adını almış nəhəng buzlağ son 200 ildə gözlənildiyindən daha sürətlə əriməyə başlayıb. Bu haqda “Nature Geoscience” dərgisində material dərc olunub. “NTV.com.tr”nin yazdığına görə, alimlər buzlağın sürətlə əriməyə başladığı xəbərdarlığı edir. “Qiyamət buzlağı” barmaqlarının ucunda dayanıb” yazan alimlər dünyanı gözləyən fəlakətdən xəbər verir. Hətta “fəlakət bu il ərzində baş verə bilər”, anonsu da edirlər. Alimlərin son tədqiqatı nəticəsində müəyyən edilib ki, “Qiyamət buzlağı” adı verilmiş “Thwaites” buzlağı son 200 ildə gözlənildiyindən 2 dəfə artıq sürətlə geri çəkilir - əriyir. Antarktikadakı buzlağın hərəkətləri kosmosdan görüntülənib. Alimlər bu qənaətdədir ki, buzlağın sürətlə geri çəkilməsi dünya okeanında suyun səviyyəsini 3 metrədək yüksəldəcək. 

Nəticədə 1 il içində müxtəlif səpkili təbii fəlakətlər baş verəcək. Haqqında danışılan buzlaq Antarktikanın qərbindədir. Cənubi Florida Universitetinin Dəniz Elmləri Kollecinin tədqiqatçıları buzlağın yeni görüntülərinin elm üçün yeni geoloji özəlliklərə malik olduğunu bildirir. 

Eyni zamanda bu görüntülər gələcəkdə hansı təbii hadisələrin ortaya çıxacağına dair proqnoz verilməsini asanlaşdırır. “Qiyamət buzlağı” son 200 ildə, 6 aydan daha qısa bir müddətdə dənizin altı ilə təmasını itirib və 1-2 kilometrdən yüksək bir süətlə əriyib. Bu hadisə 2011 və 2019-cu ildəki ərimədən 2 dəfə çoxdur. İngiltərənin dəniz geofiziki Robert Larter isə bildirib ki, "Thwaites” buzlağı hazırda “barmaqlarının ucunda” dayanıb və hər an misli görünməmiş fəlakət saça bilər. 

Bu, hazrıkı 1 il içində də baş verə bilər. Odur ki, iqlimdəki kəskin dəyişmələrə təəccüb etməməliyik. Dünya qlobal iqlim böhranı içindədir, o cümlədən də biz. Qlobal iqlim dəyişikliyinin həm də dünyada aclıq, iqtisadi böhran yaradacağı qaçılmazdır.