“Rusiya təbii qaz bazarlarını aktiv şəkildə manipulyasiya edir".
"Sherg.az" xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen deyib.
Leyen bildirib ki, elektrik enerjisinin ən sıx istifadə edildiyi zaman istehlakı azaltmaq üçün hədəf təyin etməyi təklif edəcəklər:
"Az xərclə elektrik enerjisi istehsal edən şirkətlərin gəlirləri üçün bir tavan təklif edəcəyik".
Aİ Komissiyasının sədri Ursula fon der Leyen də Rusiya qazı üçün tavan qiyməti təklif edəcəklərini bildirib.
Leyenin açıqlamalarından bir neçə saat əvvəl Şərq İqtisadi Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin Aİ-nin Rusiya qazı və neftinin qiymətinə yuxarı hədd təyin etməsini “axmaqlıq” adlandırıb. Rusiyanın enerji təchizatını kəsə biləcəyinə işarə edib: "...Bu, sadəcə olaraq, növbəti axmaqlıqdır, bazar üçün yararsızdır. Çünki ticarətə qoyulan hər hansı məhdudiyyət yalnız qiymət artımına səbəb olacaq.
Biz enerji müqavilələri üzrə öhdəliklərimizi tam yerinə yetirəcəyik, amma deməliyəm ki, kimsə bizə nəyisə sırımağa çalışırsa, bu gün öz iradəsini bizim üzərimizə yükləmək iqtidarında deyil. Özlərinə gəlsinlər. Müqavilələrdə müəyyən öhdəliklər var, lakin qeyd olunan müqavilələrə zidd siyasi qərarlar verilərsə, biz bu müqavilələrin şərtlərini yerinə yetirməyəcəyik. Əgər bizim maraqlarımıza uyğun gəlmirsə, heç nə təmin etməyəcəyik. Nə qaz, nə neft, nə kömür, nə dizel”.
QEYD: Kreml artıq elan edib ki,rəsmi Moskvaya qarşı sanksiyalar ləğv olunmasa, Rusiyanın "Şimal axını 1" boru kəməri ilə Avropaya qaz nəqli tam davam etməyəcək.
Mənbə: HABER7