Putin Qərbə daha bir sürpriz etdi



Rusiya ilə Şimali Kipr arasında birbaşa təyyarə reysləri açılacaq


  Şimali Kipr Türk Respublikası və Rusiya arasında birbaşa təyyarə reysləri gerçəkləşdiriləcək.
  “CNN Türk”ün məlumatına görə, ilk uçuşun Ercan hava limanının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış günündə - noyabrın 15-də həyata keçiriləcəyi gözlənilir.
  Müsəlman inquş olan Zyazikovun təyinatı Kipr mətbuatında “Putinin Ərdoğana hədiyyəsi” kimi gündəmə gəlib.

   Politoloq Tural İrfan isə "Şərq"ə açıqlamasında deyib ki,  proseslərin bu cür davamı Türkiyə-Rusiya yaxınlaşmasının nəticəsi olaraq dəyərləndirilir: 

"Xatırladım ki,  bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin Şimali Kiprə təyin etdiyi səfir də  türk əsillidir. Qərbin istər Türkiyəyə, istərsə də Ukrayna məsələsində Rusiyaya qarşı kəskin çıxışları Türkiyə və Rusiyanı maraqlar baxımından yaxınlaşdırdı. Nensinin Ermənistandakı çıxışı, artıq Rusiyadan çox Qərbi eşidən Ermənistanın Rusiya-Türkiyə-Azərbaycan maraqlarına zidd addımları Putinə belə bir addım atmaq üçün əsas verir. Təzyiqlərə qarşı o da öz təsirlərindən bu cür istifadə edir. Ukrayna məsələsində Türkiyənin sabiq mövqeyi həm Ukrayna ilə münasibətləri qorudu, həm də Rusiya ilə münasibətlərə nəinki xələl gətirdi, əksinə, inkişaf etdirdi. Rusiya bu addımı atmaqla Türkiyəyə dəstəkdən çox Amerika və Avropa maraqlarına qarşı təsir göstərmək istəyir. Türkiyə və Rusiyanın ortaq maraqları var və bu, onları sıx yaxınlığa məcbur edir və Ermənistan-Azərbaycan arasındakı məsələlərin həllində də bu yaxınlaşma böyük rol oynayacaq. Təsadüfi deyil ki, səfirin təyinatını  "Putinin Ərdoğana hədiyyəsi" adlandırırlar. Rusiyaya qarşı Ukrayna mövzusunda təzyiqlər dərinləşdikcə, o, Türkiyəyə daha da yaxınlaşacaq və hətta Şimali Kipri rəsmən tanıya da bilər. Hər bir halda Rusiya-Türkiyə münasibətlərinin normal olması həm Türkiyənin xeyrinədir, həm də Azərbaycanın. Bu uçuşun gerçəkləşməsini və səfir təyin etməsini  Putinin Qərbə sürprizi adlandırmaq olar".