Müxalifət nümayəndələri - “Dəyişikliyə davam” partiyasının koalisiyası və “Demokratik Bolqarıstan” koalisiyası ölkə hökumətinə etimadsızlıq səsverməsinin keçirilməsi ilə bağlı parlamentə təklif təqdim etməyə hazır olduqlarını bəyan ediblər.
“Report” xəbər verir ki, bu barədə “BTV” telekanalına müsahibəsində “Demokratik Bolqarıstan” koalisiyasından Milli Assambleyanın (parlament) deputatı İvaylo Mirçev deyib.
Bu müzakirənin başlanmasına səbəb hakim çoxluğun ölkənin vahid Avropa valyutasını tətbiq etməyə hazır olduğuna dair şübhələri olub:
“Etibarsızlıq səsverməsi - həm müxalifətin, həm də kütləvi etirazların istifadə edə biləcəyi nəzarət mexanizminin bir hissəsidir. Biz iqtidarı inandırmaq üçün müxalifətin bütün vasitələrindən istifadə etməyə hazırıq. Bolqarıstan avrozonada olmalıdır, bu o deməkdir ki, bizim avro zonasına qoşulmağa hazır olduğumuz barədə konvergensiya hesabatını tələb etmək təcilidir”.
Bundan əvvəl Bolqarıstanın Maliyyə Nazirliyi məlumat vermişdi ki, ölkə avrozonaya daxil olmaq üçün lazım olan bütün tələblərə, o cümlədən qiymət sabitliyi meyarlarına cavab vermir.
Parlamentin büdcə və maliyyə komitəsinin sədri Delyan Dobrev Bolqarıstan Milli Radiosuna müsahibəsində bildirib ki, ölkənin maliyyə vəziyyəti ürəkaçan deyil:
“Bizim və Avropa Komissiyasının gördükləri büdcə kəsiridir. Bu, deyildiyi kimi 3% deyil, 9% olacaq. Bu, artıq mübahisə doğurmayan 18 milyard leva (təxminən 9 milyard avro) kəsirdir”.