Rusiya və İrandakı aksiyalarda Qərbin  “əli” var? - ŞƏRH: “...Sistem çat verib”

İranda hicab qaydalarına qarşı çıxmış gənc qadın Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanılması və daha sonra ölməsi ciddi etirazlara yol açıb. Bu ölkədə 10 gündən artıqdır ki, aksiyalar davam edir. Etirazın dalğası ölkənin bir çox şəhərlərinə yayılıb. Qadınlar örpəklərini və hicablarını tonqallarda yandırırlar. Çərşənbə günü Tehranda bir neçə universitetin tələbələri Məhsa Əmininin ölümünə etiraz olaraq küçələrə çıxıb. Xatırladaq ki, etirazlar Tehra, Məşəd, Rəşt, Kerman, Bəndər Abbas, Qum, Kermanşah, Zəncan, Sari, Rəfsəncan və Qəzvində keçirilir. 

 Digər tərəfdən Rusiyada da ümum-Rusiya mitinqi elan ediblər. Qeyd edək ki, etiraz aksiyaları Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsinindən sonra  alovlanıb.
 Bəzi analitiklər bu aksiyaların baş verməsində Qərbin “əli nin”  olduğunu iddia edirlər. Onların fikrincə, Qərbin İran və Rusiyanın ətrafına yerləşdirdiyi "minalar" artıq partlamağa başlayıb.

 Eriraz aksiyalarını "Sherg.az"a dəyərləndirən politoloq Azər Rəşidoğlu etirazların nə Rusiyada, nə də İranda hakimiyyət dəyişikliyinə səbəb olmuyacağını deyib:

“Rəsmi Moskvadakı aksiyalar hakimiyyət böhranından xəbər verir. İnsanlar Putinin və Kremlin ambisiyalarına qurban getmək istəmirlər. Rusiya hakimiyyəti hələ ki kifayət qədər güclüdür. Əgər Putin hakimiyyəti qısa zamanda Ukraynada məğlubiyyətə uğramayacaqsa, mövcud siyasi elitanın devriləcəyini ehtimal etmirəm. İndiki hakimiyyətin zəifləməsi üçün oliqarxların Putinə qarşı çıxması lazımdır. Qərbin və Avropanın sanksiyaları oliqarxları Putinə qarşı birləşməyə sövq etsə də, bunun açıq işartıları görünmür. Rusiyada mitinqə çıxanların sayı çox deyil. Buna görə də ciddi nəticələrin olacağına inanmıram”.

Analitikin fikrincə, İrandakı aksiyalarda sosial tələblərlə yanaşı, siyasi tələblər də irəli sürülür:

“Rəsmi Tehrandakı mitinq fərqli yöndə irəliləyir. Etirazçılar artıq rejimin devrilməsi və diktatorun getməsi ilə bağlı şüarlar səsləndirirlər. Məsələ ondadır ki, bu aksiyalar kortəbii şəkildə həyata keçirilir. 

Onların başında dayanan bir təşkilat və lider yoxdur.  Hökumət də bundan istifadə edərək onları parçalayır. Bu gedişatla etirazlar zəifləyə bilər. Aksiyalar zəiflədiyi an rejim güc tətbiq edərək mitinqləri tamamilə yatıra bilər. Lakin bir müddətdən sonra hər şey yenidən başlayacaq. 

Bu da İrandakı siyasi sistemin çat verməsindən xəbər verir. Amma bu çıxışlar da hakimiyyət dəyişikliyinə səbəb olmayacaq”.