“Birincisi, Rusiya-Ukrayna müharibəsinin uzanması İranı beynəlxalq təzyiqlərdən yayındırır”
“İkincisi, rəsmi Tehran Kremlin Zəngəzur dəhlizi məsələsində Bakıya verdiyi dəstəyi neytrallaşdırmağa çalışır”
"İran Rusiyaya silah yardımı etdiyini qəbullanmasa da, reallıq əksini göstərir. Çünki rəsmi Tehran Rusiya-Ukrayna müharibəsindən öz maraqları naminə yararlanmağa çalışır".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
Onun fikrincə, Rusiya-Ukrayna müharibəsinin uzanması İranı beynəlxalq təzyiqlərdən yayındırır:
"Müharibədən əvvəl ABŞ başda olmaqla, Qərb İrana qarşı iqtisadi və siyasi sanksiyalar qoyurdu. Düzdür, sanksiyalar bu gün də davam edir. Qərbin sanksiyalar hədəfi hazırda Rusiyadır. Qərb Rusiyanı özü üçün daha real təhdid sayır. İran da vəziyyəti başa düşdüyünə görə müharibənin uzanmasına səy göstərir.
Ukrayna müharibəsi fonunda İranın Rusiyaya açıq dəstək verməsinin digər səbəbi də Zəngəzur dəhlizi ilə bağlıdır. Tehran Kremlin Zəngəzur dəhlizi məsələsində Bakıya verdiyi dəstəyi neytrallaşdırmağa çalışır. Rəsmi Moskva dəhlizin açılmasında maraqlıdır. Bu məsələdə Bakıya dəstək də verir. Tehran isə “sərhədlər dəyişəcəksə, hərbi müdaxilə edəcəyik” təhdidindən əl çəkmir. İran Rusiyaya dəsətək verərək Zəngəzur dəhlizi məsələsində Bakıya verilən dəstəyin qarşısını almağa çalşır".
Analitikin qənaətincə, Tehranın narahatlığı təkcə Zəngəzurla bağlı deyil. Rejim artıq tam küncə sıxıldığını anlayır:
"Hazırda həmin ölkəyə qarşı real təcrid prosesi gedir. Əgər əvvəllər İran xarici təhdidlərlə ölkə xaricində mübarizə aparırdısa, indi proses İranın daxilinə keçib. Nəticə etibarilə, bu hal ölkədəki siyasi rejim üçün kabusa çevrilir. Ona görə də diqqəti Ukraynaya çəkməyə çalışır. İranın həmişə təcavüzkar tərəfi dəstəkləməsində təəccüblü heç nə yoxdur. İslam dini adı altında imperialist maraqlarını təmin etməkdən ötrü molla rejimi nəyə desən əl ata bilər.
İranda Cənubi azərbaycanlılar haqsızlıqlara məruz qalır. Kütləvi repressiyanın qurbanı olur. Öz ana dillərində danışa bilmirlər. Vaxtaşırı Cənubi azərbaycanlıların rejim tərəfindən qeyri-qanuni edam edilməsinin də şahidi oluruq. Əli azərbaycanlı qanına batan fars molla rejiminin, əli azərbaycanlı qanına batan digər bir ölkə olan Ermənistandan heç bir fərqi yoxdur.
Ukrayna xalqı da Azərbaycan kimi öz torpaqları uğrunda mübarizə aparır. İran 44 günlük müharibədə Ermənistana 500 tondan artıq silah yardımının edilməsi üçün sərhədlərini açdı. İndi də Ukrayna müharibəsində Rusiyaya dəstək verir".
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ümumilikdə Rusiya İrandan 2 400 pilotsuz təyyarə sifariş edib. İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə bu xəbərlərin əsasız olduğunu bildirib.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Tehrana tətbiq edilən sanksiyalar kifayət olmadığını vurğulayıb:
“İran ukraynalıların qətlinə görə birbaşa məsuliyyət daşıyır. Öz xalqına zülm edən İran indi Avropanın mərkəzində kütləvi qətllər törədən Rusiyanı silahlandırır”.