ABŞ və Avropa İttifaqı Talibanın Əfqanıstanda qadınların əfqan və ya xarici qeyri-hökumət təşkilatlarında işləməsini qadağan etmək qərarını pisləyib.
APA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə ABŞ-ın dövlət katibi Entoni Blinken və Avropa Xarici Əlaqələr Xidmətinin nümayəndəsi Nabila Massrali açıqlama verib.
Xüsusilə, Birləşmiş Ştatlar Əfqanıstandakı qeyri-hökumət təşkilatlarına qadınları işə götürməyi dayandırmağı əmr edən Talibanı qınayır.
“Qadınlar bütün dünyada humanitar əməliyyatların mərkəzindədir. Bu qərar Əfqanıstan xalqı üçün sarsıdıcı ola bilər”, - Blinken bildirib.
Öz növbəsində, Massrali Twitter-də Talibanın qadağasını "əfqan qadınlarının öz hüquqlarını həyata keçirmək imkanlarına daha bir ciddi məhdudiyyət və humanitar prinsiplərin açıq şəkildə pozulması" adlandırıb.
"Bu, bizim gələcək yardımımıza təsir edəcək", - Massralı vurğulayıb.
BMT-nin baş katibi Antonio Quterreş də qadağanın elan edilməsindən dərin narahatlığını bildirib.