Qaribaşvili: Ukrayna rəsmilərinin Gürcüstanla bağlı bəyanatlarını eşitmək xoş deyil


Biz bütün ölkələrin suverenliyinə hörmət edirik, lakin ən çox öz ölkəmizi sevirik.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə cari ilin nəticələrinə dair keçirilən “Səfirlərin Konfransı – 2022”nin açılış mərasimində çıxışı zamanı deyib.

Baş nazir vurğulayıb ki, Gürcüstan hökumətinin başlıca öhdəliyi ilk növbədə öz əhalisini qorumaqdır:

“Bizim əsas vəzifəmiz milli maraqlarımızı qorumaqdır. Mən dəfələrlə bildirmişəm və bunu öz siyasətimiz və fəaliyyətimizlə təsdiqləmişik ki, biz bütün ölkələrin suverenliyinə hörmət edirik, amma biz ən çox öz ölkəmizi sevirik”.

İrakli Qaribaşvili əlavə edib ki, Ukrayna rəsmilərinin Gürcüstanla bağlı bəyanatlarını eşitmək xoş deyil və Ukraynada hazırda müharibədə olduğundan hökumət bu məsələ ilə bağlı çox sayda bəyanat vermir.

Baş nazir Gürcüstanın maraqlarına qarşı digər ölkələrdən dezinformasiya kampaniyasının aparıldığını da qeyd edib.