Avropada sığınacaq müraciətlərinin sayı iki dəfə artıb

Bu il Avropa ölkələrinə qaçqın axını və sığınacaq müraciətlərində artım baş verib.

AZƏRTAC xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Avropa İttifaqı ölkələrində ümumilikdə 790 min sığınacaq müraciəti qeydiyyata alınıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 54 faiz artım deməkdir.

Avropa İttifaqının Sığınacaq üzrə Agentliyinin (EUAA) rəhbəri Nina Qreqori yaxın gələcəkdə sığınacaq müraciətlərinin daha da artacağını ehtimal edir. Onun sözlərinə görə, dünyanın bir sıra ölkələrində qeyri-sabitlik və insan təhlükəsizliyinə təhdidlər, eləcə də 2021-2022-ci illərin geosiyasi gedişatı qaçqın axınının artmasına təsir göstərən faktorlar sırasında yer alır.

Agentlik rəhbəri bildirib ki, bu ilin fevralından indiyədək təkcə Ukraynadan 4,7 milyon şəxs Aİ ölkələrində müvəqqəti sığınacaq qeydiyyatına alınıb. Ukraynalı qaçqınların sığınacaq müraciətçiləri ilə eyni qeydiyyata alınmayaraq ayrıca müvəqqəti sığınacaq statusu ilə təmin edilməsi Aİ ölkələrinin sığınacaq sistemlərinin yüklənməsinin qarşısını alıb.

N.Qreqori müasir dövrün tələblərini nəzərə alaraq, Aİ ölkələrində sığınacaq və miqrasiya islahatının aparılmasının vacibliyini vurğulayıb və 2024-cü ildə nəzərdə tutulan Aİ seçkilərində struktur dəyişiklikləri üçün təkliflərin səsverməyə çıxarılacağına ümid ifadə edib.