Gürcüstan Rusiyanın sərhəddində yerləşir və Kremlin hədəfi olmaq istəmir
“Biz bütün ölkələrin suverenliyinə hörmət edirik, lakin ən çox öz ölkəmizi sevirik”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə cari ilin nəticələrinə dair keçirilən “Səfirlərin Konfransı – 2022”nin açılış mərasimində çıxışı zamanı deyib.
Baş nazir vurğulayıb ki, Gürcüstan hökumətinin başlıca öhdəliyi ilk növbədə öz əhalisini qorumaqdır:
“Bizim əsas vəzifəmiz milli maraqlarımızı qorumaqdır. Mən dəfələrlə bildirmişəm və bunu öz siyasətimiz və fəaliyyətimizlə təsdiqləmişik ki, biz bütün ölkələrin suverenliyinə hörmət edirik, amma biz ən çox öz ölkəmizi sevirik”.
İrakli Qaribaşvili əlavə edib ki, Ukrayna rəsmilərinin Gürcüstanla bağlı bəyanatlarını eşitmək xoş deyil və Ukraynada hazırda müharibədə olduğundan hökumət bu məsələ ilə bağlı çox sayda bəyanat vermir.
Baş nazir Gürcüstanın maraqlarına qarşı digər ölkələrdən dezinformasiya kampaniyasının aparıldığını da qeyd edib.
Məsələni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev qeyd edib ki, ortada iki fərqli məqam var:
"Birincisi Ukrayna Gürcüstanı aktiv olaraq yanında görmək istəyir. Yəni onların Kremlin əlehinə açıq şəkildə dayanmalarını gözləyirlər. Buna isə haqqı çatır. Çünki Ukrayna və Gürcüstan həm Avropa İttifaqını ən çox inteqrasiya edən, həm NATO ilə qarşılıqlı əlaqələri yüksək olan, həm də NATO-ya üzv olmaq potensialı olan ölkələrdir. Ortada isə iki dövlətin Kremlə qarşı mübarizə aparmaq və Avropaya inteqrasiya etmək üçün qeyri-rəsmi ittifaqı var idi. Hətta Gürcüstandan xeyli sayda adam Ukrayna rəhbərliyində təmsil olunurdu. Gürcüstan, Ukrayna və Moldava "GÜAM"ın yeni formasını təsis etmişdilər. Bu səbəblə də rəsmi Kiyev, Tbilisidən böyük dəstək gözləyir. Axtardığı dəstəyi isə görə bilmir".
Analitikin sözlərinə görə bunu obyektiv və subyektiv səbəbləri var:
"Obyektiv səbəb odur ki, Gürcüstan Rusiyanın sərhəddində yerləşir və Kremlin hədəfi olmaq istəmir. Yəni Moskvanın Gürcüstana qarşı böyük qadağa tətbiq etməsini və hərbi əməliyyatları onun ərazisinə keçməsini arzulamır. Subyektiv səbəb isə, Gürcüstan hakimiyyətinin Rusiya ilə əlaqələrinin olmasıdır. Rusiyanın təsirini ölkədə artırdığına görə İvanaşvilini hər zaman günahlandırırlar. Ümumiyyətlə Saakaşvili hakimiyyətdən getdikdən sonra Rusiyanın Gürcüstandakı təsiri əhəmiyyətli dərəcədə artıb. Bunun üçün də Rəsmi Tbilisi həm özünü qorumaq, həm də Moskva ilə münasibətləri saxlamaq üçün Ukraynaya açıq şəkildə dəstək vermir".
T. Rzayev əlavə edib ki, ortadakı ikinci məsələ Saakaşvili ilə əlaqədardır:
“Bildiyimiz kimi Saakaşvili həm də Ukrayna vətəndaşlığı daşıyır. O Gürcüstan vətəndaşlığından xaric edilib və ölkəyə qanunsuz şəkildə daxil olmaqda təqsirkar bilinir. Hətta ittihama cavab olaraq son iclasda o "Mən gürcü yox, Ukraynalıyamsa həmin dildə çıxış etməliyəm" demişdi. Bundan sonra məhkəmə təxirə salınmışdı. Saakaşvili məsələsində də Qərb və rəsmi Kiyev onun azad edilməsini istəyir. Gürcüstan hakimiyyəti isə onu daha çox həbsdə saxlayaraq, siyasi aləmdən neytrallaşdırmağa çalışır. Rəsmi Tbilisi həm Kremlə olan əlaqələri kəsmədiyinə, həm də Ukraynaya birbaşa dəstək vermədiyinə görə rəsmi Kiyev tərəfindən tez-tez tənqid olunur. Gürcüstan hakimiyyəti isə Qərblə əlaqələri pozmamaq adına, bu tənqidlərə açıq şəkildə cavab verə bilmir. Ona görə də Gürcüstanın baş naziri dolayı şəkildə belə bir açıqlama verib".