İranlılar rejimdən canlarını qurtarmaq üçün xaricə axın edirlər

Əgər rejim dəyişikliyi və ya ciddi və köklü islahatlar aparılmasa vəziyyət daha da gərginləşəcək

  İranlılar Kanada, BƏƏ və Türkiyəyə axın edir. Statistika göstərir ki, son illər ərzində İran vətəndaşları Kanada, BƏƏ və Türkiyəyə ən azı 30-35 milyard dollar həcmində sərmayə yatırıblar. Məlumata görə, 2013-cü ildən 2021-ci ilədək Kanadada 76 min 381 iranlı vətəndaşlıq alıb və bu ölkəyə 19 milyard dollar həcmində sərmayə yatırıb. Birləşmiş Ərəb Əmirliklərində isə 545 min iranlı yaşayır. Onlar 2012-ci ildən indiyədək bu ölkəyə 900 milyon dollar sərmayə yatırıb.
Türkiyədəki iranlılar isə 2015-ci ildən 2022-ci ilədək 35 min 558 ev alıblar. Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Şərq"ə açıqlamasında bildirib ki, İran rejimi xalqa qarşı amansız repressiya həyata keçirir və dünyanın bir çox dövlətləri ilə neqativ münasibətlərə gətirib çıxaran siyasət yürüdür. Analitik deyib ki, məhz bunun nəticəsində əhali İranı tərk edir illərdir: "Hətta rejimin yüksək ranqlı məmurlarının övladları belə xarici dövlətlərdə yaşayır. İran rejimi özü də bilir ki, bu vəziyyət yaxşı nəticələrə gətirib çıxarmayacaq və hakimiyyətləri üçün ciddi təhlükə törədəcək. Ancaq əvvəllər də qeyd etdiyim kimi rejim əsla siyasətində dəyişiklik etmək niyyətində deyil. Sadəcə müvəqqəti aldadıcı jestlər edir. Hicab məsələsində guya yumşalmalar olduğunu göstərməyə çalışır, lakin xalq buna inanmır. Əgər rejim dəyişikliyi və ya ciddi və köklü islahatlar aparılmasa vəziyyət daha da gərginləşəcək. Əhalinin xaricə mühacirəti daha da geniş vüsət alacaq. İran rejimini ayaqda saxlayan Fransa kimi Qərb dövlətləri bu mühacirətlərdən narahat deyil. Çünki mühacirət edənlərin içində rejimin də əlaltıları kifayət qədərdir və getdikləri müsəlman ölkələrində rejimin ideoloji xəttini yayırlar. Məsələn, qardaş Türkiyədə şiəlik adı altında kifayət qədər iranlı məskunlaşıb və sünni-şiə fitnəsinin toxumunu çoxdan səpiblər. Din təbliğçiləri adı altında Gürcüstanda yerləşdirilən İran əsilli missionerlər artıq soydaşlarımızı parçalamağa nail olublar". 
  T.İrfan qeyd edib ki, Rusiyada İranın agentləri oradakı soydaşlarımızın inanclı kəsimini şiəlik adı altında öz ideyalarına tabe edə biliblər:

"Yəni İrandan köçən insanların əksəriyyəti rejimdən narazı olsalar da, uzun illər ərzində onların ideologiyalarını mənimsəyiblər və istər-istəməz köçdükləri ölkələrdə təbliğat aparırlar. Məsələn, bu yaxınlarda Britaniyada səfirliyimizə hücum edib bayrağımızı təhqir edən qrupun rəhbəri Sadiq Şirazi vaxtilə İran rejiminə qarşı çıxıb ölkədən mühacirət edənlərin bir qisminin dini rəhbəri idi. Ancaq gördük ki, hakimiyyətə qarşı olsa da, hakimiyyətin ideoloji xəttinə qarşı deyil. Əksinə, onun ən mühafizəkar dəstəkçisidir. Odur ki, xaricə mühacirət edənlərin çoxu İranın gizli agentura şəbəkəsidir. Getdikləri ölkələrdə mütləq sünni-şiə fitnəsi yaradırlar. Bununla yanaşı həqiqi mühacirlər də milyonlarladır ki, onlar hətta rejimin repressiyalarından bezib islam dininə belə qarşı çıxmaqdan çəkinmirlər. Şübhəsiz ki, İran rejiminə Qərbdən dəstək olmasa, Fransa, Rusiya kimi dövlətlər əlini çəksə, xalq bir həftənin içində istəyinə nail olar. Lakin müsəlman dünyasını sünni-şiə sindromu ilə balansda saxlamaq üçün Qərbin gizli dairələri əsla İran rejiminin çökməsinə yol verməz. Bu o zaman ola bilər ki, İran rejimini quran dövlətlər razılıq versin və İran rejimi çəkəndən sonra Suriya, Livan, Yəmən, İraq kimi şiə çoxluğu olan ölkələrin birində yeni, teokratik şiə dövləti yaradılsın. 

Məhz bundan sonra Amerika Birləşmiş Ştatları və digər Qərb dövlətləri İran rejiminin demokratik hakimiyyət ilə əvəzlənməsinə şərait yarada bilər. Dünyada müsəlmanların birləşməsi, həmrəyliyi Amerika və Qərb dövlətləri üçün ən ciddi qorxu hesab olunur. Ona görə İran rejimini yaradanda sünni dünyasına qarşı barışmaz mövqedə olan şiəliyin ən qatı qolunu fars hakimiyyətinin konstitusiyasına saldılar. 

Bu gün müsəlman aləminə qarşı yeganə ciddi təhlükə və təhdid İrandan gəlir. İstər Türkiyə, Pakistan, Əfqanıstan üçün olsun, istərsə də Azərbaycan üçün.
Ona görə yerli əhali İranı tərk edir və bilir ki, bu rejim ancaq öz qəddarlığı, amansızlığı ilə öz xalqını yox, maraqlarını düşünür".