İran Ermənistana zərbə vurur! 

“Qardaşlaşma” adı ilə Qərbin ona etimadına kölgə salır”

Şəhərlərin qardaşlaşması təcrübəsi uzun illərdir,  dünyanın bir sıra ölkəsində istifadə olunan anlayışdır. Qardaşlaşma əksərən mədəni-sosial hadisə hesab edilsə də, bəzən siyasi məqsədlər də bu məsələdə ön plana çıxır.

Nə təsadüfdürsə, son aylarda İran və Ermənistanın şəhərləri arasında “qardaşlaşma” artıq ənənəyə çevrilməyə başlayıb. Elə 2022-ci ilin noyabrında İranın Kirman və Ermənistanın Sərdarabad (Armavir) şəhərləri “qardaşlaşdı”. 2023-cü ilin yanvarın 17-19-da da İrəvan şəhərinin meri Qraç Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti Tehran meri Əlirza Zakaninin dəvəti ilə İrana gedib. Səfər zamanı paytaxt Tehranla İrəvanın qardaşlaşmasına dair sənəd imzalanıb.

Yayılan xəbərlərə əsasən, İsfahanla İrəvan artıq 1990-cı illərdən sonra qardaşlaşmış şəhər elan olunub. Bu, İranla Ermənistan arasında bağlanan ikinci "siğə qardaşlığı" sənədidir. Belə çıxır ki, İran hakimiyyəti təmsilçiləri, o cümlədən paytaxt rəhbərliyi Ermənistana sevgi və ehtiramını göstərmək üçün qardaşlaşmanı İrəvanla yeniləyib, “refreş” ediblər.


İrəvan-Tehran "qardaşlaşmasını" şərh edən "Sherg.az"a  bölüşən politoloq Sədrəddin Soltan bildirib ki, Ermənistan və İran beynəlxalq arenada  qeyri-müəyyən və riskli vəziyyətdədir. Tehran hakimiyyəti İrəvanı ölkə paytaxtına “qardaş” etməklə özündən daha çox Ermənistana zərbə vurur. Qərbin ona etimadına kölgə salır:

"Bu “qardaşlıq” həm də İrandakı Azərbaycan türklərinə hörmətsizliyin daha bir örnəyidir.  İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei də türk sayılır. O, Qarabağın işğaldan azad olunması ilə başa çatan 44 günlük Vətən müharbəsi dövründə demişdi: “Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır”.

Belə bəyanatla çıxış edən liderin başçılıq etdiyi hakimiyyət işğalçılıq iddiasından əl çəkməyən ölkənin paytaxtını Tehranla “qardaşlaşdırır”. Ya bu ali rəhbərin və onun başçılıq etdiyi komandanın Azərbaycana münasibətdə ikiüzlülüyü, ya da hakimiyyətdaxili münasibətlərdə bir-birinə hörmətsizliyin əlamətidir".

S.Soltan vurğulayıb ki, 1963-cü ildə Cənubi Koreyanın paytaxtı Seul, 1972-ci ildə isə ABŞ-ın Los-Ancelos şəhərləri ilə Tehran arasında da qardaşlaşmağa dair sənəd imzalanmışdı:

"ABŞ-ın həmin şəhərində İran və erməniəsilli insanlar çox olsa da, indi heç kim bunu yada salmır. Hətta Los-Ancelosda son aylar Tehrandakı etiraz aksiyaları ilə həmrəylik tədbirləri də keçirilir.

Tehran hakimiyyəti Ermənistana sevgisini göstərmək üçün İrəvandan nümayəndə heyəti dəvət edib və “qardaşlığın” dərəcəsini nümayiş etdiriblər. Amma bu münasibəti regional və qlobal səviyyədə elə ciddi hadisə saymaq sadəlövlükdür.  Əlaqələr elə önəmli olmasa da, ürək bulandırır, ikrah doğurur".