Sonunu yaxınlaşdırır: Paşinyanı elə korrupsiya yıxacaq

"Paşinyandan əvvəl də Ermənistanda korrupsiya var idi. Rüşvətxorluq sovet respublikalarının əksəriyyətinə xasdır".

Bu barədə "Sherg.az"a siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Paşinyan hakimiyyəti dövründə ölkədə korrupsiya və rüşvətxorluğun artmasından danışarkən deyib. Onun sözlərinə görə, Ermənistan baş nazirinin dövründə rüşvətin azaldığını demək olmaz:

"Paşinyan çalışdı ki, nələrsə etsin. Lakin mövcud sistemə qoşulmalı oldu. 1-2 il sonra arvadının adına 3 milyon dollarlıq ev məsələsi ortaya çıxdı. Yəni baş nazir istər-istəməz Ermənistandakı mövcud vəziyyətlə hesablaşmaq məcburiyyətində qaldı. Müharibə dövründə korrupsiya sövdələşmələri daha da çoxaldı. Paşinyanın bütün bunlardan xəbərsiz olması isə mümkünsüzdür. O özünü qorumaq, təmizə çıxarmaq üçün bu sözlərdən istifadə edir. Amma Paşinyan hakimiyyəti daxilində rüşvət inkişaf edib. Görünən odur ki, sözügedən hakimiyyəti elə korrupsiya yıxacaq. Ermənistanda Paşinyanın özündən əvvəlki hakimiyyətinin dövründən olan hərbçilərə qarşı cinayət işləri açılır. Generallar, prokurorları həbs etməklə adıçəkilən baş nazir öz hakimiyyətini təmizə çıxarmaq istəyir. Eyni zamanda hakimiyyətinə mesaj verərək, onları qorxutmaq istəyir ki, bu günlərdən sizin üçün də var. Bir növ öz gələcəyini sığortalayır. Amma çox gözəl bilir ki, "postundan" düşsə, hansısa ölkəyə sığınacaq. Paşinyanın əli ilə erməni lobbisi çox böyük bizneslər həyata keçirirlər. Bu şəkildə davam etməsi təbii ki, Ermənistanın maraqlarına uyğun deyil. Lakin Paşinyanın ayrı cür davam etmək şansı da yoxdur. Korrupsiya, rüşvət olan yerdə hakimiyyəti təbii ki, laxlayacaq. Tezliklə yıxılacağına inanmıram. Amma Paşinyan hakimiyyətinin süqutuna səbəb korrupsiya ilə bərabər, həm Rusiyaya qarşı tutduğu mövqe, həm də ölkə daxilindəki qüvvələrin baş nazirlə üz-üzə gəlməsidir. Ona görə bunlar Paşinyan hakimiyyətinin sonunu yaxınlaşdırır".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə ölkədə korrupsiya və rüşvətxorluq daha da artıb. N.Paşinyan isə bütün bunlara görə başqalarını günahlandırır.