ABŞ dövlət katibi Antoni Blinken fevralın 16-dan 22-dək Almaniya, Türkiyə və Yunanıstanda rəsmi səfərdə olacaq. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın çərşənbə günü yaydığı bəyanatda deyilir. Məlumata görə, Blinken fevralın 16-da Münhen Təhlükəsizlik Konfransında iştirak etməyi planlaşdırır. Sonra fevralın 19-da dövlət katibi Türkiyədəki İncirlik aviabazasına baş çəkəcək, daha sonra Ankaraya yollanacaq.
Fevralın 21-də isə o, ABŞ-Yunanıstan Strateji Dialoqunun dördüncü raunduna başlamaq üçün Afinaya yola düşəcək.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov A.Blinkenin səfərlərinin mahiyyətini "Sherg.az"a şərh edib.
Politoloq bildirib ki, Blinkenin Münhen Təhlükəsizlik Konfransında iştirakı, sonra Türkiyəyə, oradan da Yunanıstana səfəri diplomatik addımdır:
"Son dövrlər ABŞ ilə Türkiyə arasında gərgin münasibətlər hökm sürməkdədir. Zəlzələdən sonra Yunanıstan-Türkiyə münasibətlərinda yumşalma nəzərə çarpır. Tərəflər arasında dialoq kanalları açılmaqdadır.
ABŞ-nin əsas hərbi bazasş Türkiyədəki İncirlikdə yerləşir. Blinken aviabazaya baş çəkərək bölgədə varlıqlarını vurğulamaq istəyir. Ankaraya yaxınlıq göstərən Moskvaya mesaj ötürür ki, Türkiyədə aviabazamız var".
Siyasi şərhçi bildirib ki, ABŞ üçün Türkiyədəki baş verən zəlzələ yox, İncirlikdəki aviabazanın yoxlanılması, Ankarada danışıqlar aparmasıdır:
"Türkiyənin başı zəlzələnin fəsadlarını aradan qaldırmağa qarışıb. Blinken də, zəlzələ bölgəsinə getmir, aviabazanı təftiş edərək birbaşa Ankaraya yollanacaq. Yunanıstana səfər etməsi də, Türkiyə ilə aralarındakı dialoq təməllərini yoxlamaqdan ibarətdir. Şübhəsiz, Yunanıstanla Türkiyə arasında gərgin münasibətlər qalmaqdadır, lakin hiss etdirmirlər.
ABŞ Türkiyə-Rusiya yaxınlaşmasının qətiyyən tərəfdarı deyil. Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmaması ABŞ-ni narahat edən məsələlərdəndir. ABŞ-nin Rusiyaya tətbiq etdiyi sanksiyalar Türkiyənin maraqlarına uyğun deyil".