Əl-Ədlin terroru İrandan idarə edir

Mümkündür ki, ABŞ Əfqanıstan ssenarisini İranda tətbiq etmək istəyir

  ABŞ Seyf Əl-Ədlin İranda olması ilə bağlı BMT-nin hesabatını təsdiqləyir. Bunu Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında deyib. Prays bunun İranın terrorizmi dəstəkləməsinə daha bir nümunə olduğunu bildirib. “Əl-Qaidə üçün təhlükəsiz sığınacaq təmin etmək İranın Yaxın Şərqdə və onun hüdudlarından kənarda sabitliyi pozan terrorizmə geniş dəstəyinin bariz nümunəsidir”.

  PolitoloqTuran Rzayev "Şərq"ə deyib ki, Seyf Əl-Ədl “Əl-Qaidə” terror təşkilatının faktiki lideri olaraq tanınıb. Onun sözlərinə görə, BMT-yə üzv dövlətlərin kəşfiyyat məlumatlarına əsaslanan yeni hesabatında bu haqda məlumat öz əksini tapıb: "Prinsip etibarilə Əl-Ədl Birləşmiş Ştatların “Əl-Qaidə” lideri Ayman Əl-Zəvahirini Əfqanıstanın paytaxtı Kabildə hava hücumu zamanı öldürməsindən altı ay sonra terror qruplaşmasının rəhbərliyinə gətirildiyi məlum idi. Lakin bu informasiya bu günə qədər rəsmi olaraq təsdiqlənməmişdi. Əl-Ədl ilə bağlı ən diqqətçəkən məqam isə onun hazırda İranda olmasıdır. Seyf Əl-Ədl prinsip etibarilə sələfləri Ayman Əl-Zəvahiri və Üsamə bin Ladendən təhlükəli hesab edilir. Rəsmi Vaşinqton və Qərb agentləri uzun müddətdir ki, Əl-Ədlə Əl-Zəvahirinin ehtimal varisi kimi baxıb. Onun hazırda “Əl-Qaidə” lideri olması ABŞ üçün heç də arzuolunan bir hal deyil. Məsələ ondadır ki, Əl-Ədl professional hərbçi, Misirin keçmiş xüsusi təyinatlılar zabitidir. Bundan başqa o, 1990-cı illərin əvvəlindən başlayaraq Əfqanıstan, Pakistan və Sudandakı döyüşçülərə hərbi və kəşfiyyat təlimləri verən komandanın üzvü olub. Onu Vaşinqton üçün kabusa çevirən əsas məqam isə şübhəsiz, 1992-1994-cü illərdə Somalidə, Moqadişuda ABŞ qüvvələrinə qarşı döyüşməsidir. Eyni zamanda “Əl-Qaidə”nin Misir qolu olan “Misir İslami Cihad”ın və somalililərin təlimlərinə yardım edən Əl-Ədli ABŞ üçün çox təhlükəli hesab edilir. "Əl-Qaidə"nin yeni liderinin qruplaşmanı İrandan idarə etməsi üçün ABŞ üçün daha ciddi problemlər yarada bilər".
  Ekspert vurğulayıb ki, Seyf Əl-Ədlin “Əl-Qaidə” terror təşkilatını İrandan idarə etməsi ABŞ-nin həm bu ölkəyə aviazərbələr endirməsi, həm də hərbi müdaxilə etməsi üçün əsas yaradır: "Məsələ ondadır ki, 2001-ci il 11 sentyabr hücumlarından sonra Əfqanıstanda "Taliban" hökuməti "Əl-Qaidə" terror qrupuna sığınacaq verdi. ABŞ isə ilk olaraq "Əl-Qaidə"nin Əfqanıstandakı təlim obyektlərini bombaladı. Daha sonra isə Vaşinqtonun Əfqanıstana müdaxiləsi və yerli əfqan qəbilələrin dəstəyi ilə "Taliban" hakimiyyəti devrildi. Mümkündür ki, ABŞ Əfqanıstan ssenarisini İranda tətbiq etmək istəyir. Əl-Ədlin İranda olması Vaşinqtonun ilkin olaraq Əfqanıstandakı kimi İranın bir sıra strateji hədəflərinə zərbələr endirməsi ilə müşahidə edilə bilər. Vaşinqton ilk olaraq Tehrandan Əl-Ədlin ona verilməsini istəyə bilər. Tehran bu istəyə mənfi cavab verəcəyi təqdirdə ABŞ İrana hərbi müdaxilə üçün ciddi əsas əldə etmiş olacaq".