Yeni ittifaq xətti: Rusiya, İran, Çin və Belarus Qərbə qarşı...”

“Böyük ehtimalla bu sıraya yaxın gələcəkdə Hindistan və bir neçə Asiya ölkəsinin qatılma ehtimalı var”

“Lakin bu ittifaqın ABŞ və onun müttəfiqlərinə hansı səviyyəyə qədər müqavimət göstərmək imkanlarının olacağını söyləmək hələlik tezdir"


Ərəbistan dənizində, İranın Çahbehar limanı yaxınlığında Rusiya, Çin və İranın “Dəniz təhlükəsizlik zolağı - 2023” üçtərəfli hərbi dəniz təlimləri başlayıb.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün Ərəbistan dənizinin sularında İran İslam Respublikasının Çahbehar limanı yaxınlığında Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələri, Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələri və İranın Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə “Dəniz təhlükəsizlik zolağı - 2023” üçtərəfli hərbi dəniz təlimi başlayıb.”, - nazirlikdən bildirilib.

Qeyd olunub ki, Rusiya tərəfini Şimal Donanmasının gəmilər dəstəsi – “Sovet İttifaqı Donanmasının Admiralı Qorşkov” freqatı və “Kama” orta dəniz tankeri təmsil edir.

Hadisəyə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, son zamanlarda yeni ittifaq xətti formalaşmağa başlayıb:

"Bu birliyi hələlik Rusiya, İran, Çin və Belarus təşkil edir. Onlar Qərblə qarşıdurmada vahid platformadan çıxış edərək, müqavimət göstərməyə çalışırlar. Bu həm iqtisadi, həm də hərbi sahədə əməkdaşlıqda özünü göstərir.  İttifaqın hansı səviyyədə effektiv olacağını söyləmək isə çətindir. 

Yəqin ki, sözügedən hərbi təlimlər də həmin müqavimət xəttinin tərkib hissəsidir. Böyük ehtimalla bu sıraya yaxın gələcəkdə Hindistan və bir neçə Asiya ölkəsinin qatılma ehtimalı var. 

Lakin bu ittifaqın ABŞ və onun müttəfiqlərinə hansı səviyyəyə qədər müqavimət göstərmək imkanlarının olacağını söyləmək hələlik tezdir".