Çin prezidenti Si Cinpinin Rusiyaya gələcəyi açıqlanıb.
“Sherg.az” xəbər verir ki ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
Kreml Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə reallaşacaq səfərin təfərrüatlarını paylaşıb.
Bildirilir ki, Si Cinpinin 20-22 mart tarixlərindəki səfəri zamanı Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı cari məsələlər müzakirə olunacaq. Eyni zamanda bu ölkələr arasında beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılacaq. Bununla yanaşı ikitərəfli təmaslar çərçivəsində müxtəlif sazişlərin imzalanacağı bəyan edilib.
Qeyd edək ki, V.Putin ötən fevralda verdiyi açıqlamada Çinlə münasibətlərinin tarixin ən yüksək səviyyədə olduğunu vurğulayıb. Kremlin sözçüsü Dmitri Peskov isə Si Cinpinin Rusiyada rəsmi təmaslarda olacağını bildirib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumlarından sonra ABŞ və müttəfiqləri Kiyevi dəstəkləyib, Çin isə Birləşmiş Millətlər Təşkilatı (BMT) daxil olmaqla bütün sahələrdə Rusiyanın yanında olub.
Mənbə: Hürriyət qazeti