Sosial media platforması TikTok-un bütün dünyada istifadəçi məlumatlarını Çin hökuməti ilə paylaşa biləcəyi ilə bağlı narahatlıqlar artır.
“Sherg.az” xəbər verir ki, Çində yerləşən “ByteDance” şirkətinə məxsus TikTok-a bir qadağa da Yeni Zelandiyadan gəlib.
Belə ki, ölkədə millət vəkilləri və digər parlament məmurlarının istifadə etdiyi dövlət telefonlarında TikTok tətbiqinin təhlükəsizlik səbəbi ilə qadağan edildiyi açıqlanıb.
Ayın sonundan etibarən qüvvəyə minəcək qadağanın ABŞ və İngiltərədəki kimi bütün dövlət işçilərinə deyil, parlament binasındakı 500 nəfərə şamil ediləcəyi vurğulanıb.
Parlament xidmətlərinin rəhbəri Rafael Qonzales-Montero, qərarın hökumətin kibertəhlükəsizlik üzrə ekspertlərinin məsləhəti ilə verildiyini söyləyib. "Bu qərar ekspertlərimizin təhlili və beynəlxalq həmkarlarımızla müzakirələr əsasında qəbul edilib", - Montero bildirib. Xatırladaq ki, Yeni Zelandiyanın Baş naziri Chris Hipkins də jurnalistlərə telefonunda TikTok olmadığını söyləyərək, "Mən o qədər də müasir və dəbli deyiləm" demişdi.
Mənbə: Hürriyət qazeti