Fransada ETİRAZ! - Luvr muzeyinin girişi bağlayıb 

Fransada pensiya yaşının mərhələli şəkildə 64-ə çatdırılmasını ehtiva edən islahatla bağlı qanun layihəsi Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndindən istifadə edilməklə Milli Məclis tərəfindən səsverməyə çıxarılmadan qəbul edilib. Bu səbəblə də küçələrdə etiraz aksiyaları davam edir.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, paytaxt Parisdə toplaşan yüzlərlə etirazçı dünyanın ən böyük sənət muzeyi olan Luvr muzeyinin girişini bağlayıb. 

Əllərində Ümumi Əmək Konfederasiyasının (CGT) bayraqları olan etirazçılar “Mona Liza tətildədir”, “Az işlə, daha çox yaşa” və “Biz geri çəkilməyəcəyik” şüarları səsləndiriblər.

Luvr muzeyinin rəsmi internet saytında mövzu ilə bağlı açıqlamada, "Fransada tətillər səbəbiylə muzey bu səhər açıla bilməyəcək. Yaranmış narahatlığa görə üzr istəyirik. Anlayışınız üçün təşəkkür edirik" ifadələri işlədilib.

Qeyd edək ki, ölkə boyu etirazlara səbəb olan islahatlara əsasən, Fransada pensiya yaşı sentyabrın 1-dən etibarən hər il mərhələli şəkildə 3 ay artırılacaq. Pensiya yaşı 2027-ci ildə 63 yaş 3 aya, 2030-cu ildə isə 64 yaşa çatacaq. 2027-ci ildən tam pensiya almaq üçün 43 il işləmək lazımdır.

Mənbə:Hürriyət qəzeti