Qərb mətbuatı İranla İsrail arasında məxfi danışıqların başlandığına dair sensasiya xarakterli məlumat yayıb. Bu barədə politoloq Elxan Şahinoğlu "Facebook" səhifəsində yazıb.
O, bildirib ki, danışıqların Çinin vasitəçiliyi ilə Honkonq şəhərində keçirildiyi iddia olunur.
Politoloq hesab edir ki, görüşün təşəbbüskarı kimi Pekin çıxış etsə də, bu işdə Rusiyanın da maraqları hiss olunur: "Çin əvvəlcə İranla Səudiyyə Ərəbistanını barışdırdı, tərəflər arasında danışıqlar Pekində həyata keçirildi. Pekin indi daha ağır işə girişib, iki qatı düşməni barışdırmaq alınmasa da, İsraillə İranı qarşıdurmadan çəkindirmək istəyir. İranın Rusiya və Çinlə sıx əlaqələri mövcuddur. İsrail İran qədər Çin və Rusiya ilə tərəfdaş olmasa da, Moskva və Pekinlə dialoqu mövcuddur. Ona görə də Çin və Rusiya var gücləriylə İsraillə İranı müharibədən çəkindirmək istəyirlər. Bunun başlıca şərti İran nümayəndə heyətini nüvə silahı əldə etməyi düşünmədiklərini barədə İsrailin nümayəndə heyətini inandırmaqdır. Bu alınmasa Çində danışıqlar nəticə verməyəcək".
Məsələni “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Turab Rzayev vurğulayıb ki, bütün hallarda bir-biri ilə düşmənçilik edən ölkələr arasnda kəşfiyyət orqanları səviyyəsində əlaqələr qurulur:
“Məsələn, Türkiyə ilə İsrail münasibətləri pozulanda kəşfiyyat orqanları ilə müzakirələr davam edirdi.
ABŞ Rusiyayla ortaq masada görüşməkdən imtina etmişdi, hətta ABŞ prezidenti Co Bayden rusiyalı həmkarını "qatil" adlandırmışdı.
Lakin nüvə silahının istifadəsi ilə bağlı mərkəzi kəşfiyyat idarəsinin rəhbəriylə Rusiya xarici kəşfiyyat rəhbəri Sergey Narışkinin Türkiyədə görüşünün şahidi olduq”.
Analitikin sözlərinə görə, bu cür əlaqələrin olması tamamilə normaldır:
“Lakin sual yaranır ki, bu əlaqələrin nəticəsində tərəflər nə istəyir? Aydındır ki, İran Yaxın Şərqdə mövqeyini qoruyub saxlamaq istəyəcək. Həmçinin açıq şəkildə deməsə də, nüvə silahına sahib olmaq istəyini davam etdirəcək.
İsrail isə ABŞ və Böyük Britaniya kimi cənub qonşumuzun Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşmasını tələb edəcək. Bundan əvvəl həm Böyük Britaniya, həm də Amerika kəşfiyyat rəhbərləri İrəvana səfər etmişdi. Bu səfərin məqsədi Paşinyanla görüşməkdən daha çox, məhz İran rəhbərinə mesaj ötürmək idi.
Paşinyan sadəcə elçi rolunu oynayırdı. İndi də İsrail rəsmi Tehrana Rusiyadan uzaqlaşmağı və Ukrayna müharibəsinə müdaxilə etməməsini məsləhət görür. Ancaq İranın indiki rəhərliyi Rusiya ilə çox yaxındır. Xüsusilə, SEPAH-ın Rusiya ilə əlaqələri mövcuddur.
Burada hansısa müsbət nüansın çıxıb-çıxmamasını isə zaman göstərəcək. Amma ən azından açıq qarşıdurmanı və birbaşa münaqişəni təxirə sala bilərlər".